
"Region Liqası" klubları ölkə kubokuna qatılmaq istəyir
- 07 Noy 2021 17:00
- 724
Noyabrın 10-da ölkə kubokunun 2021/22 mövsümünün püşkü atılacaq.
Turnirdə 12 komanda iştirak edəcək. Premyer-liqada çıxış edən 8 komanda ilə yanaşı, birinci divizion təmsilçilərindəndən 4-ü - “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK yarışda gücünü sınayacaq.
Ölkə kuboku müxtəlif ölkələrdə fərqli formatda keçirilir. Məsələn, İngiltərənin 8-ci divizionunda çıxış edən klublar da bu yarışa qatılır. Təbii ki, əksəriyyəti müxtəlif mərhələlərdə daha səviyyəli komandalara “ilişib”, mübarizəni dayandırırlar. Ya da sensasiyaya imza atıb, iştiraklarını dayandırırlar. Bizdə isə vəziyyət fərqlidi. Heç 1-ci divizionda oynayan komandaların hamısı kubokda iştirak etmir. Məsələn, “Turan Tovuz” yarışa qatılmaqdan imtina edib.
Ötən həftə Azərbaycanda səviyyəcə üçüncü futbol turniri olan Region Liqası start götürdü. Burda bölgələri təmsil edən yetərincə klub çıxış edir. Amma onlardan heç biri Azərbaycan kubokuna qatılmayıb. Bunun səbəbi hələ ki bəlli deyil. Böyük ehtimalla AFFA və PFL rəsmiləri Region Liqasında iştirak edənlərin hamısının həvəskar statusunda olduğunu nəzərə alaraq, onların ölkə kubokunda iştirakına icazə verməyib. Bəs görəsən, həmin liqada çıxış edən klubların belə istəyi varmı? Region Liqasının bəzi təmsilçilərinin rəhbərlərinə müraciət etdik.
Xanbaba Daşdı, Quba “Şahdağ”ının prezidenti:
“Bu təklifi 2-3 il öncə də AFFA və PFL-ə etmişdik. O zaman mən Qusarın eyniadlı komandasıda çalışırdım. İndi də eyni fikirdəyəm. Öz klubum adına deyə bilərəm ki, ölkə kubokunda bir çox 1-ci divizion təmsilçisindən daha yaxşı nəticə qazana bilərik. Formalaşdırılan heyətə, görülən işlərə görə onlardan heç də geri qalmırıq. Əksər ölkələrdə kubok yarışlarına həvəskar liqa təmsilçiləri qoşulur. Bəzən bir çoxları onların nəticə verəcəyinə inanmır. Amma bəzi hallarda çox uğurlu çıxış edirlər”.
Cavid Hüseynov, “Cəbrayıl”ın prezidenti və baş məşqçisi:
“Belə olsaydı, ölkə kuboku daha maraqlı olardı. Region Liqasında çıxış edən klubların özü üçün də yaxşı olardı. Onların inkişafına təkən verərdi. Heç olmasa, iki klub ölkə kubokunda iştirak edə bilərdi. Potensial söhbətinə gəlincə, Region Liqasında çıxış edən 3-4 klub var ki, ölkə kubokunda rahat oynaya bilərdi. Bunlardan biri də elə bizim “Cəbrayıl”dı. Amma bu sistemin necə tənzimləndiyini deyə bilmərəm. Bu barədə açıqlama vermək ixtiyarında deyiləm. Sadəcə, onu deyə bilərəm ki, kubokda iştirak etsəydik, maraqlı və əla olardı”. ("Futbol plus")