Region Liqasında bu ilə yekun vurulub.

Rekord.az xəbər verir ki, qış fasiləsinə ən son yollanan Qərb və Şimal-Qərb regionunun təmsilçiləri olub.

İlin son oyun həftəsində “Ağstafa” “doğma divarlar” qrupun lideri “Energetik”i qonaq edib. “Nur şəhəri”nin komandası qərb səfərində də təsadüfi lider olmadığını sübut edib. “İşıqçılar” meydan sahiblərinin qapısından 3 qol keçirib. Bölgənin eyniadlı komandasının isə buraxılan qollardan yalnız birinin əvəzini çıxmağa gücü çatıb. Daha bir məhsuldar görüş Qazaxda baş tutub. “Qurutlar” “Karvan”la üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən 90 dəqiqənin sonunda Kənan Kərimovun çalışdırdığı kollektiv sevinib. Yevlaxlılar bu qələbə sayəsində qış fasiləsinə ikinci pillədə yollanıb. İli yenilgi ilə başa vuran “Ağstafa” onlardan bir pillə geri qalmaqla üçüncü yerdə qərarlaşıb. Gəncədə baş tutan görüşdə isə qalibi müəyyənləşdirmək mümkün olmayıb. “Qoşqar UGİM-2” “Şəki”ni iki dəfə meydanın mərkəzinə dəvət etsə də, “halvaçılar” həvəsdən düşməyərək hər iki qolun əvəzini çıxıb və çətin Gəncə səfərindən 1 xalla dönüb. Beləliklə, Region Liqası ayyarımlıq fasiləyə yollanıb. Mübarizə 2022-ci il fevralın 5-6-dan davam edəcək.

Region Liqası
Şimal-Qərb və Qərb zonası, 8-ci tur
Ağstafa – Energetik (Mingəçevir) 1:3
Göyəzən (Qazax) – Karvan (Yevlax) 2:3
Qoşqar UGİM-2 (Gəncə) - Şəki 2:2

1. Energetik 7 6 1 0 12-3 19
2. Karvan 8 5 1 2 19-14 16
3. Ağstafa 8 5 0 3 22-12 15
4. Qoşqar UGİM-2 8 1 5 2 15-15 8
5. Göyəzən 8 2 1 5 17-21 7
6. Şəki 8 1 3 4 13-21 6
7. Gəncə 7 1 1 5 10-22 4

Bombardirlər: Elgün Namazov (Ağstafa), Oqtay Məmmədov ( Qoşqar UGİM-2) – 8, Arzuman Vəliyev (Göyəzən) – 7, İsmayıl İsmayılov (Ağstafa) – 6.