"Qarabağ" heyətini daha bir ispaniyalı ilə gücləndirə bilər.



Rekord.az xəbər verir ki, Xorxe Franko Alviz Ağdam təmsilçisinə təklif olunub.

 

Hazırda klubsuz olan Burxui ləqəbli futbolçunun karyerası olduqca zəngindi. 28 yaşlı yarımmüdafiəçi ancaq İspaniyada çıxış edib. Burxui müxtəlif vaxtlarda "Real" (Madrid), "Espanyol", "Sportinq" (Xixon), "Alaves", "Real" (Saraqosa) kimi klublarda çıxış edib. Xorxe Franko Alviz yarımmüdafiənin solunda və sağında, həm də pleymeyker olaraq çıxış edə bilir.


İnformasiyanın dəqiq olub-olmadığını öyrənmək üçün "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq:
 

"Hələ ki hansısa futbolçu ilə razılıq əldə olunmayıb. Bəli, bizə çoxlu futbolçular təklif olunur. Onlar barədə götür-qoy edilir. Hansısa anlaşma olarsa, bunu rəsmi saytımız və sosial şəbəkə hesablarımız vasitəsiylə ictimaiyyətə açıqlayacağıq. Azarkeşlərdən xahiş edirik ki, yalnız rəsmi informasiyalara inansınlar".



Nəzərinizə çatdıraq ki, Burxuinin son klubu "Alaves" olub. O, iyul ayından bəri azad agentdi. ("Futbol plus")