Məlum olduğu kimi, Konfrans Liqasının "Bazel"lə son tur matçında "Qarabağ" hakim haqsızlığı ilə üzləşdi. Təmsilçimiz oyunun əvvəlində hesabı açsa da, görüşün xorvatiyalı baş hakimi 2 metr qapı xəttini keçən təmiz qolu hesaba almadı. Bu isə oyunun sonrakı gedişatına və dolaysı ilə böyük hesablı məğlubiyyətimizə öz təsirini göstərdi. Oyundan sonra Bakıya qayıdan "Qarabağ"ın baş məqçisi Qurban Qurbanov Heydər Əliyev adına Hava Limanında epizodla bağlı açıqlama verərək  jurnalistlərə "Bazel"lə görüşdəki hakim səhvi ilə bağlı Filip Ozobiçin daha ətraflı danışa biləcəyini bildirdi. Çünki Xorvatiyadan olan millimizin üzvü yəqin ki, görüşün baş hakimi olan həmyerlisi Fran Yoviçlə epizodla bağlı söhbətləşib.

"Futbol plus" qəzeti Qurbanovun bu açıqlamasından sonra Ozobiçin fikirlərini öyrənməyə cəhd edib. Bu məqsədlə öncə Ozobiçin özünə mesaj yazılıb və məsələnin məğzi ona bildirilib. Lakin Ozobiç mesaja cavab vermədiyi üçün klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxlanılıb. Abbaszadə isə futbolçunun məsələ ilə bağlı danışmaq istəmədiyini bildirdi.

Təbii ki, hər bir oyunçu açıqlama, müsahibə verməkdə sərbəstdi. Amma bu məsələ başqa məsələdir də. Ozobiç sıradan bir legioner deyil, uzun illərdi Azərbaycanda futbol oynayır, buranın suyunu içib çörəyini yeyir, layiq olduğundan daha çox pul qazanır, ən əsası, etimad göstərilərək Azərbaycan milisinə dəvət alır. Ən əsası, Qurban Qurbanov o açıqlamanı elə-belə verməyib və Ozobiçin adını da boşuna çəkməyib. Baş məşqçisi dolayısı ilə topu xorvatiyalıya atıb. Lakin xorvatiyalı Qurbanovun bu ötürməsini "doqquzluğ"a vurmaq əvəzinə, götürüb çölə vurub. Görünən budur ki, Ozobiç aşkar milliyətçilik edib, peşəkarlığı bir kənara qoyub, həmyerlisinin əlehinə danışmaqdan imtina edib. Çünki bu epizodla bağlı bəraət veriləcək bir şey yoxdur. Hakim birmənalı şəkildə ən yaxşı halda kobud səhvə, ən pis halda qərəzli münasibətə yol verib. Danışmalı olsan, bunu mütləq dilə gətirməlisən. Lakin Ozobiç Azərbaycanda oynayıb, Azərbaycanda pul qazana-qazana həmyerlisini bizim ayağımıza verməyib. Hətta onun üçün Qurban Qurbanovun sözü də önəmli deyil.  Əslində düz eliyir. Bizə bu da azdı. Niyə bizə görə, həmvətəni ilə pis olmalı, onun haqqdında tənqidi danışmalıdır? Günah Ozobiçdə yox, onu gətirib yuxarı başda oturdan, layiq olduğundan daha çox pul verən, hətta milli formanı geyindirən bizlərdədi...

 

Anar XANLAROV