"Çox vacib oyundur. Hiss edirik, görürük, oxuyuruq, bizə böyük dəstək var. Bakıda futbol ab-havası var. Bizim üçün məsuliyyətli oyundur"

Rekord.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda qəbul edəcəkləri "Bayer"lə matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Çalışdırıcı görüş barədə fikirlərini çatdırıb: "Bayer" tanış rəqibdir. Bu komandaya qarşı oynamaq xoşdur. Bu gün Bundesliqanın lideridirlər, çox yaxşı məşqçilər korpusu var. Çox bacarılqı, keyfiyyətli iş quran klubdur. Struktur baxımından belə klubdan böyük təcrübə yığırıq. Pis hazırlaşmamışıq. Futbolçuların hazırlığı yaxşıdır. İnanıram ki, sabah meydanda futbolçular özlərinin ən yaxşı oyununu göstərəcəklər. Dinamik komandaya qarşı oynayacağıq. Sabah təkcə fiziki güc yox, 90 dəqiqə oyunun içində olmaq, düşünmək çox vacibdir. İnanıram ki, sabah stadion tam dolacaq və azarkeşlər üçün maraqlı, yaxşı, mübarizəli oyun göstərəcəyik.

Deməzdim ki, hansısa plan qurmuşuq, ya da Alonso bu barədə düşünəcək. Böyük komandalar ilk olaraq öz oyununun nümayiş etdirməyə çalışır. Bu gün də "Bayer" bunun hesabına digər rəqiblərdən üstündür. Xabi Alonsonun tələblərinə uyğun futbolçular yığılıb. Oyunun gedişində rotasiyalar yerinə yetirir. Tanışlığımız oldu. Həm biz öz işimizdən danışdıq, məlumat verdik. Həm də onlar bizə. Amma inanmıram ki, bu hansısa detal, element bizə qalib gəlməyə kömək edər, ya da uduzmağa səbəb olar. İlk matçımıza qədər də onların çox oyunlarına baxmışdıq. Amma sonra meydanda canlı gördük. İnanmıram ki, görüşümüz hansısa detalda fərq göstərsin. Futbolun dili birdir. Tələbləri vaxtında, yaxşı yerinə yetirən qalib gəlir. Bu, aksiomdur. Klub olaraq münasibətimiz daha yaxın oldu. Mənim üçün maraqlı olan, Alonsonun keçmiş karyerası idi. Zəngin futbolçu karyerası var. Mənə motivasiya verən onun peşəkar davranışlarıdır. Bu qədər titullar əldə etməyi hər futbolçu bacarmır. Böyük məşqçilərlə işləyib, onlarla danışıqlarından danışdı. Bu oyunda hansısa faydası olacağını düşünmürəm, gələcəkdə köməyi ola bilər.

Qrupdakı oyunlarımızla müqayisədə, "Bayer" sabahkı görüşə daha ciddi yanaşacaq, daha aktiv olacaq. Çünki Bakıdakı matçda onlara qarşı tam fərqli mübarizə aparmışdıq. Evdəki görüşdə onlar qrupda birinci yeri həll etmişdilər. Amma bu iki oyundan ibarət matçdır. Məğlub olan turniri tərk edir. Xabi Alonso elə məşqçidir ki, mən onun hansısa oyuna sıradan yanaşdığını görməmişəm. "Bayer" çox ciddi yanaşacaq. Fikirləşəcəklər ki, bəlkə cütün taleyini burada həll etsinlər".

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq. (fanat.az)