UEFA Konfrans Liqasının təsnifat mərhələsinin AEL - "Qarabağ" matçından sonra oyunsonrası mətbuat konfransında iştirak edən Qurban Qurbanov bir sıra açıqlamalar verib. "Rekord.az" onları sizə təqdim edir:

 

- İlk olaraq, hər iki komandanı təbrik etmək istəyirəm. Meydanda çox yaxşı mübarizə getdi, iki xarakterli komanda vardı. Bəlkə də hər iki komanda məğlub olmamağı haqq edirdi. Öz komandama, öz futbolçularıma təşəkkür edirəm. Baxmayaraq ki, hər iki hissədə xeyli sayda qol epizodlarımız oldu, istifadə edə bilmədik. Amma hesabda geridə olsaq da, sona qədər mübarizədən çəkinmədilər, minimum bir qol vuraraq bərabərliyi təmin etdilər. Oyunçularımı təbrik edirəm. Əlbəttə, cavab oyunu var. Bir qol heç nə demək deyil hər şey ola bilər. Bir qol matçın taleyini həll edə bilər. İstərdim ki, maraqlı oyun alınsın. Hər iki komandaya, futbolçularına uğurlr arzulayıram.

 

- UEFA-nın səfər qolunu ləğv etməsi bugünkü nəticəni sizin üçün fərqli edirmi?

- Əvvəllər bu bir üstünlük idi, indi belə deyil. Bərabərlik də pis nəticə deyil. Biz yalnız səfər qolunu düşünsək, Bakıdakı matçda məğlub da ola bilərdik. Qayda var, hamı onun qarşısında bərabərdir. Bakıdakı matçda turu keçməyə çalışacaq, qol vurub, qol buraxmamağa çalışacağıq.

 

- Oyunun sonlarında baş verən hadisə barədə ətraflı məlumat verməyinizi xahiş edirəm. Bununla bağlı, UEFA nümayəndəsiylə məsləhətləşmisizmi? Bunun cəzası nə ola bilər?

- Əlbəttə istəməzdik ki oyunun sonunda belə hal yaşansın. Qərarı UEFA verəcək. Belə hal nə rəqib komanda, nə onun futbolçuları, nə də məşqçiləri üçün xoş hal deyil, həmçinin də bizim üçün. Amma ümumən götürdükdə, biz idmançıyıq, meydanda daha çox öz işimizlə məşğul olmağa çalışmalıyıq. Amma bəzən elə hallar olur ki, hamımız ona reaksiya veririk. Çünki həddindən artıq abartılır, şişirdilir, tanımadığımız, bilmədiyimiz kimlərsə belə hallara yol verirlər. Bizə - "Qarabağ"a qarşı belə təxribatlar dəfələrlə olub. Ancaq biz həmişə öz mədəniyyətimizi göstərmişik. Çünki biz Azərbaycanı təmsil edirik. Maksimum səbrli olmağa çalışmalıyıq. Sadəcə bir onu deyə bilərəm ki, biz heç kimdən qorxmuruq, çəkinmirik. Yalnız idman prinsiplərinə uyğun olaraq özümüzü idarə etməyə çalışırıq. Belə hallar, dünya futbolunda həddindən artıq çox olub. Bəlkə də bu futbolun bir gözəlliyi, özəlliyidi. Amma hər bir halda, heç kəs istəməz ki, belə hal yaşansın. Çünki son heç də yaxşı olmur. Yenə deyirəm, biz həmişə heç kimdən qorxmamağa, çəkinməməyə, öz əxlaqımızı qorumağa, öz Azərbaycanımızı layiqli təmsil etməyə çalışmışıq, belə də davam edirik. UEFA nümayəndəsinə gəlincə, o sonda bizə özümüzü düzgün apardığımıza, doğru davrandığımıza görə təşəkkür etdi. O da görürdü ki, azarkeşlər həddindən artıq aqressiv idilər. Orda həm futbolçuların üstünə bəzi şeylər atdılar, birinin başına dəydi, birinin qoluna dəydi. Amma bizə belə şeylər təsir etməz. Nümayəndə də bunu görürdü. Mən də maksimum çalışırdım ki, futbolçularımı sakitləşdirim. Düzdü, sonda mən də özümü bir qədər aqressiv apardım. Olur belə şeylər. Ancaq hər bir halda, düşünürəm ki, Bakıda biz yenə də idman prinsiplərini qoruyub-saxlayacağıq. Çünki bizim işimiz meydanda özümüzü doğru-düzgün idarə etmək və yaxşı nəticə əldə etməkdi.