Gəncə stadionu yararsız vəziyyətdə olduğundan "Kəpəz" ev oyunlarını Qəbələdə keçirir.

Lakin Rekord.az xəbər verir ki, son zamanlar yaşananlar yerli komandanın və Qəbələ ictimaiyyətinin narazılığına səbəb olub.

İş ondadır ki, "Kəpəz"in Qəbələdə keçirdiyi son iki ev oyununun hər ikisində ciddi qalmaqal yaşanıb. Öncə "Kəpəz" - "Turan Tovuz" matçından sonra Ayzaya tovuzlu azarkeşlərə qeyri-etik jest göstərməklə qalmaqalın əsasını qoydu, daha sonra insident "Turan Tovuz"un futbolçuları ilə gəncəli azarkeşlər arasında davam etdi.

"Kəpəz" - "Sumqayıt" matçında isə "Sumqayıt"ın futbolçusu Vüsal İsgəndərli ilə insident yaşandı, yekunda gəncəli azarkeşlərdən biri Vüsala plastik butulka atdı, həmin butulka isə "Sumqayıt"ın məşqçisi Mübariz Orucova dəydi. Nəticədə polislər haqlı olaraq həmin şəxsi tutaraq polis bölməsinə aparmışdı. Əldə etdiyimiz məlumata görə, "Kəpəz"in hər ev oyununda yaşanan qalmaqal "Qəbələ" rəhbərliyi tərəfindən xoş qarşılanmayıb və bununla bağlı marazılıqlarını ifadə ediblər. "Kəpəz" rəhbərliyinə də çatdırılıb ki, bu tip halların yaşanmaması üçün ciddi tədbirlər görülsün.