Konfrans Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacağı “Fehervar”la oyuna hazırlaşan “Qəbələ”nin eyniadlı rayonda təlim-məşq toplanışında olduğundan xəbərdarsız.

Rekord.az xəbər verir ki, “Qırmızı-qaralar” hazırlığa iyunun 15-dən başlayıb.

Klubun mətbuat katibi Anar Hacı “Football-plus.az” saytına açıqlamasında komandanın artıq sabah Qəbələ toplanışını başa vuracağını bildirdi:
 

“Komanda sabah ikitərəfli oyunla təlim-məşq toplanışının birinci mərhələsini başa vuracaq. Baş məşqçi böyük ehtimalla futbolçulara bir neçə gün istirahət etmək hüququ verəcək. Ondan sonra isə kollektiv hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq”.



Türkiyə toplanışından söz düşmüşkən, son günlər mətbuatda bölgə təmsilçisinin qardaş ölkəyə yollanmaq üçün təyyarə biletinə və məskunlaşacağı otelə ödəməyə vəsait tapmadığı barədə xəbərlər dolaşır. O da bildirilir ki, AFFA “Qəbələ”yə söz verdiyi ödənişi etmədiyindən “qırmızı-qaralar” çətin duruma düşüblər.

Məsələ ilə bağlı klub rəsmisi bunları bildirdi:

“Qısaca onu deyə bilərəm ki, komanda deyilən vaxtda toplanış üçün Türkiyəyə yollanacaq. Ora gediriksə, deməli, məskunlaşma ilə bağlı da problem olmayacaq”.