"Növbəti matçımız "Qarabağ"a qarşı olacaq. Bizi asan oyun gözləmir. Rəqibimiz güclüdür. Buna baxmayaraq, onlara qarşı səylə hazırlaşırıq".

Rekord.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Mate Kvirkviya klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Premyer Liqanın 28-ci turunda "Qarabağ"la keçiriləcək oyun haqda danışan gürcüstanlı yarımmüdafiəçi məqsədlərinin xal qazanmaq olduğunu bildirib: "Qarşıdakı oyunun çətinliyini, bizi gərgin mübarizənin gözlədiyini yaxşı dərk edirik. Ona görə də çempionatda yaranan fasilədən yaxşı yararlanmağa çalışdıq. Bu mövsüm "Qarabağ"la 3 dəfə qarşılaşmışıq. İstədiyimiz nəticələr olmayıb. Bu dəfə fərqli çıxış etmək istəyirik. Son oyundan daha yaxşı oynamalıyıq. Bəzən yaxşı, bəzən pis nəticə göstərə bilərsən. Amma mən hər gün daha yaxşı olmağa çalışıram".

Kvirkviya azarkeşlərə də səslənib: "Kəpəz" mənim üçün böyük klubdur. Buna görə də istəyim böyükdür. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Hər oyunda bizi dəstəksiz qoymurlar. İndi sonuncu dövrəyə başlayırıq. Dəstək həmişəkidən daha çox lazım olacaq. Birlikdə güclü olacağıq".

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Kəpəz" - "Qarabağ" matçı saat 19:00-da başlayacaq. "Qarabağ" bu görüşdə uduzmasa, 11-ci çempionluğunu rəsmiləşdirəcək.