
"Qarabağ" hakimdən UEFA-ya şikayət edəcək
- 13 Dek 2021 11:00
- 519
“Qarabağ” Konfrans Liqasının H qrupunda “Bazel”ə məğlub oldu. İsveçrəlilər doğma meydanda Ağdam təmsilçisini darmadağın etdi. Bir çoxları “köhlən atlar”ın hakim səhvinə görə uduzduğunu iddia edir. Belə ki, artıq 2-ci dəqiqəsində Abdulla Zubir topu qapıdan keçirsə də, Franz Yoviç qolu qeydə almadı. Lakin epizodun təkrarına baxanda topun qapı xəttini ən azı 1 metr keçdiyi aşkar görünür.
Görəsən, Ağdam təmsilçisi bu məsələ ilə bağlı UEFA-ya şikayət edəcək? Düzdü, bu müraciət prinsipcə heç nəyi dəyişməyəcək. Amma “Qarabağ” hakimlər briqadasının cəzalanmasına nail ola bilər. “Köhlən atlar” buna cəhd edəcəkmi? Sualımızı klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə ünvanladıq. O, oyundan sonra bir sıra şəxslərə şifahi etirazlarını bildirdiklərini, hətta hakimin “Qarabağ”ın futbolçusundan səhvinə görə üzr istədiyini vurğuladı:
"Hakimin qərarını siz necə qarşıladızsa, biz də elə qarşıladıq. Sadəcə, belə qərarın verilməsi biabırçılıq idi. Bəziləri düşünə bilər ki, 3 top fərqi ilə məğlub olmuşuq. Amma futbolu yaxından izləyənlər və dərindən bilənlər erkən qolun bütün matçın axarını dəyişə biləcəyindən xəbərdardı. Artıq bu qoldan sonra üstünlük həm mənəvi, həm psixoloji, həm də hesab baxımından tərəfimizdə olacaqdı. Belədə oynamaq daha rahat olardı. Oyundan sonra rəsmi şəxslərə şifahi narazılığımızı bildirdik. Amma buna baxan kimdi? UEFA nümayəndəsi və qarşılaşmanın hakim-inspektoru da bunu görüb. Xorvatiyalı baş hakim Fran Yoviç oyunun gedişində, ikinci hissədə Kevin Medinaya "üzr istəyirəm, mən səhv etdim" deyib. Hakimlər səhvə yol verdiklərini fasilədə biliblər. Ümid edək ki, bu, sadəcə, səhv idi və hansısa qərəz deyildi. Bakıya qayıdandan sonra rəsmən etirazımızı bildirəcəyik. Amma bu nəyi dəyişəcək? Bu, "Qarabağ"a qarşı ilk hakim səhvi deyil. Ümumiyyətlə, "Bazel"in lehinə olan ilk hakim səhvi də deyil. "Kayrat"la matçda da onların xeyrinə qərarlar verilib. Orda hakim səhvi olmasaydı, qapımıza ikinci qolu vuran Paytim Kasami bizə qarşı matçda meydanda olmamalıydı. Çünki o, əvvəlki qarşılaşmada qovulmalıydı. Bütün bunlar istər-istəməz xoş deyil". ("Futbol plus")