
"Qarabağ" "Borussiya"nın qapıçısını transfer edir?
- 27 Dek 2021 11:00
- 758
Qış fasiləsinə lider yollanan, Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanan "Qarabağ" qapıçısız qalıb.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisinin hər iki qolkiperi hazırda zədədən əziyyət çəkir və onlar əməliyyat olacaqlar.
Şahruddin Məhəmmədəliyev 2,5 ay yaşıl meydanlardan uzaq qalacaq. Emil Balayevin isə yanvardan sonra komandaya qoşula biləcəyi qeyd edildi. Lakin qapıçının "köhlən atlar"dan ayrılacağı da gündəmdədi. Bu səbəbdən də klub mövqe üzrə axtarışlarını sürətlə davam etdirir. Çünki komandanın əsas qapıçısı Məhəmmədəliyev zədə səbəəbindən Konfrans Liqası çərçivəsində "Marsel"lə oyunda çıxış edə bilməyəcək. Dünən isə mövzu ilə bağlı səs gətirəcək xəbərlər yayıldı. Xarici mətbuatda yayılan məlumatlara görə, "Borussiya"nın və İsveçrə millisinin qapıçısı Roman Bürki "Qarabağ"da oynamaq istəyir.
"Football-plus.az" saytı, məsələ ilə bağlı klubun mövqeyini öyrənib. Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin sayta açıqlaması belə oldu.
"Qapıçı transferi ilə bağlı çalışmalarımız davam edir. Hazırda gündəmdə konkret heç bir ad yoxdu. Bizə təklif olunan qapıçılara məşqşillər korpusu baxır. Nəzarətdən keçirir. "Qarabağ"ın kriteryalarına uyğun namizədlə anlaşılacaqsa təbii ki, onunla rəsmi müqavilə imzalanacaq. Bununla bağlı rəsmi saytımız vasitəsi ilə açıqlama verəcəyik".
Qeyd edək ki, Roman Bürki 2015-ci ildən "Borussiya"nın şərəfini qoruyur. O, Dortmund təmsilçisinin heyətində 175 matça çıxıb. Roman Vaydenfellerin əvəzedici kimi komandaya qoşulan qolkiper alman həmkarının karyersını bitirməsindən sonra klubun "1 nömrə"si kimi çıxış edib. Marvin Hitzin transferindən sonra o, əsas heyətə düşməkdə çətinlik çəkir. Cari mövsümdən digər bir həmyerlisi - Qreqor Kobelin "Borussiya"ya gəlişindən sonra Bürki "1 nömrə"li formanı da itirib. 31 yaşlı qolkiper hazırda klubunda 3-cü qapıçı statusunu daşıyır. Onun bazar dəyəri 2 milyon avrodu.