Bu həftə "Şiltgem" komandasının heyətində Fransa çempionatının gümüş medalını qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü İslam Abbasov fanat.az-a müsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:

 

- İslam, Fransadakı çıxışın və ümumilikdə turnir barədə ətraflı məlumat verərsən.
- Artıq dördüncü ildir ki, "Şiltgem" klubunun üzvüyəm. Bunadək yalnız ötən il pandemiya səbəbindən çempionat keçirilməmişdi. Digər illərdə baş tutan yarışların hamısında mübarizə aparmışam. Ancaq bu, komanda ilə ilk medalım oldu. Yarış dairəvi sistem üzrə təşkil olunmuşdu. Komanda dörd görüş keçirib, üçündə qalib gəldi. Fərdi nəticəmə gəldikdə, ümumilikdə 8 dəfə xalçaya çıxıb, hamısında üstün oldum.

- Yarışda titullu idmançılardan kimlər iştirak edirdi?
- Fransalı dünya çempionu Melonin Numonvi, sərbəst güləşçilərdən gürcüstanlı dünya çempionu Beka Lomtadze, gənclər və 23 yaşlılar arasında dünya çempionatının mükafatçıları yarışırdı.

- İl ərzində baş tutan əsas yarışlarda - Olimpiada və dünya çempionatında uğursuzluqla üzləşmişdin. İl sonunda qazandığın bu nailiyyət nəyi dəyişdi?
- Ardıcıl uğursuzluqlar mənə çox pis təsir etmişdi. İdman bizim yeganə işimizdir. Nəticə qazana bilməyəndə il ərzində çəkilən əziyyət tamam hədər olur. Sanki bütün zamanını boş-boşuna keçirmisən. Ona görə əhvalım tamam korlanmışdı, boşluğa düşmüşdüm. Belə günlərin birində zəng edib məni dövlət başçısı ilə doğma Qubadlıda təşkil olunan görüşə dəvət etdilər. Orada cənab Prezident İlham Əliyevin haqqımda bildirdiyi xoş sözlər, "səni tanıyıram" deməsi məni sanki pis bir yuxudan ayıltdı. Bu yarışın fasiləsində ölkə çempionatına qatıldım, orada rəqibləri hiss etmədən qalib oldum. Hamısını tam üstünlüklə yendim. Ardınca da qeyd etdiyimiz kimi, qayıdıb Fransada yer tutdum. Artıq öz gücümə inamım əvvəlkindən də çoxdur.

- Yarışda erməni güləşçilərlə qarşılaşmalarda qazandığın qələbələr xüsusən maraq kəsb elədi. Bilirik ki, digər idmançılar kimi, hətta daha çox bu görüşlərə prinsipial yanaşırsan...
- Nə qədər "bu, idmandır" desək də, ortada böyük prinsip olur. Uduzanda adam özünü ikiqat narahat hiss edir. Bunadək dəfələrlə ermənilərlə üz-üzə gəlmişəm, yalnız bir dəfə uduzmuşam. Hansı ki, bilirəm, məhz o görüşdən sonrakı emosional reaksiyamı nəzərdə tutub mənim daha prinsipial yanaşdığımı dediniz. Onda özümü bağışlaya bilmirdim.

- Əvəzində onların dünya çempionu Maksim Manukyanı tam üstünlüklə yenmisən.
- Bundan sonra da nə vaxt qarşılaşsam, var gücümlə güləşəcəyəm. 

- İslam, yəqin, bunu da bilirsən ki, güləşsevərlərin səndən gözləntiləri həmişə böyük olub. Böyüklərdə Avropa çempionatı və Avropa Oyunlarının gümüş medalçısı olsan da, demək olar, hər kəs bu nəticələrlə potensialını tam ortaya qoymadığını düşünür. Biz səbəbi ilə bağlı yığmanın məşqçisi Həsən Əliyevə sual verəndə, o, demişdi ki, İslam əvvəlki kimi məşq eləmir. Münasibətin maraqlıdır.
- Bilirsiz, uduzanda adamın arxasında duran olmur. Bunu Həsən Əliyevə görə demirəm, ümumiyyətlə, belədir. Həsən illərin təcrübəsinə sahibdir, indi də məşqçi kimi özünü göstərir. Elə deyibsə, yəqin ki, bildiyi nəsə var. Amma mən elə olduğunu düşünmürəm. İdmandır, nəticə belə də olur, elə də.  Hələ də heç nə üçün gec deyil. Mən yarışdan öncə konkret söz verməyi xoşlamıram. Ancaq Macarıstanda keçiriləcək Avropa çempionatında yaxşı nəticə qazanıb hamını sevindirməyə çalışacağam.

Sahib Əsədbəyli