"Arsenal"ın sabiq yarımmüdafiəçisi Robert Pires "topçular"ın baş məşqçisi Arsen Vengerin 2001-ci ildə "Mançester Yunayted"ə 1:6 hesabı ilə uduzduqları oyundan sonra reaksiyası haqda danışıb.

Rekord.az xəbər verir ki, Pires Vengerin olduqca qəzəbli olduğunu bildirib:

“Mən Vengerin bu qədər əsəbiləşdiyini görməmişdim. Elə sözlər işlədirdi ki, hələ indiyə qədər ondan belə ifadələr eşitməmişdim.

İlk hissədə 1:5 hesabı ilə uduzurduq. Dəhşətli idi. Demək olar ki, paltardəyişmə otağında hər şeyi sındırdı. O, yəqin ki, bizə görə utanırdı. Xüsusən də əsas rəqibi Aleks Ferqyusona qarşı matçda belə biabırçı oyun üçün”.

Arsen Venger 2019-cu ilin noyabr ayından FİFA-nın futbolun inkişafı üzrə rəhbəridir. Fransız mütəxəssis 1996-2018-ci illərdə "Arsenal"a rəhbərlik edib.