De Byazinin Qara barədə dedikləri abırsızlığın növbəti həddi idi, Qara da adına layiq, təmkinli, əsl peşəkar kimi cavabını verdi. Biz ümumiyyətlə bu qoca klounun bundan sonra biz, futbolçularımız, futbolumuz barədə açıqlamalarını ciddiyə almamalı, maksimum səbr nümayiş etdirib ona öz istəyinə nail olmaq imkanı verməməliyik. Bir dəfə yazdım, yenə də təkrarlayım: Canni De Byazinin Azərbaycana gəlmiş ən tərbiyəsiz, ən həyasız əcnəbi idman adamıdı. Hər keçən gün də buna şahidlik edir, əmin oluruq.

Niyəsini indi yazıram.

Sabiq məşqçimiz Qaranı kollektivin qələbəsinə sevinməməkdə ittiham edir, ortaya da nə sübut qoyur, nə də şahid. Bu, klassik gedişdi, məqsəd də geniş müzakirə açaraq diqqəti özündən yayındırmaqdı. Jurnalistlərə qarşı bunu elədi, indi keçib futbolçulara, yəqin ki növbədə rəhbərlikdi. Onlara cürəti çatacaqmı, bilmirəm, amma əminəm ki, istəyi budu. Hamı səhv çıxacaq, bircə ondan başqa.

Amma düzlükdən, kollektivin qələbəsinə sevinməkdən danışmaq hüququ olmayanlardan biri, bəlkə də birinci elə Can(n)inin özüdü. Heç bilirdizmi ki, De Byazi futbolçu olduğu zamanlarda öz komandasının oyununu totalitazorda satdığı üçün cəza alıb? İtaliya futbolunu dərindən bilənlər məşhur “Totonero” qalmaqalı haqda məlumatlıdılar. 1980-ci ildə partlayan bu qalmaqal “Milan” kimi nəhəngin B Seriyasına düşməsinə gətirib çıxarmış, ölkə futbolunda bomba effekti yaratmış, əbədi iz buraxmışdı. Ardıcıl cəzalardan sonra belə demək olarsa, “ara sakitləşmiş”, amma 1986-cı ildə yenidən geri qayıtmışdı. “Totonero”nun davamı sayılan və “Totonero bis” (və ya Calcioscommesse 1986) adı verilən “Totonero 86”-nın iştirakçılarından biri də bizim əlahəzrət de Byazi olub. O, futbolçu karyerasının sonlarına yaxın, həmin vaxtlar B Seriyasında oynayan “Palermo”nun heyətində top qovurdu və komandasının oyunlarını “qara bazar” – totalizatorda satdığına görə cəza almış oyunçular siyahısında yer almışdı. “Google”da adını və “Totonero 86” sözlərini axtarışa verin, qarşınıza çıxacaq.

Keçmişi qaranlıq olan bir şəxsin bizi (hamımızı) bu qədər aşağılamağa çalışması məntiqsizdi, həyasızlıqdı. Onu bura gətirənlər, hər vəchlə, hər imkanda onu qorumağa, tərəfini tutmağa çalışanlar da utanmalı, səhvə yol verdiklərini qəbul etməli, bir daha bu səhvi təkrarlamamalıdılar. Çünki bu iş artıq futbol cizgisindən çıxıb və milli məsələyə çevrilir.

 

Kənan Məstəliyev