AFFA tərəfindən “Oyun – klubun DNT-si” mövzusunda seminar təşkil edilib. 


Rekord.az xəbər verir ki, tədbirdə klublardan 60-dək nümayəndə iştirak edib. İştirakçılar arasında klub menecerləri, akademiya direktorları, koordinatorları və məşqçilər də olub.


Seminar Estoniyanın Premyer Liqasında çıxış edən “Harju JK Laagri” klubunun əsas komandasının baş məşqçisi Lauri Nuuma tərəfindən keçirilib. UEFA Pro lisenziyasına malik olan Lauri Nuuma müxtəlif ölkələrdən futbol məşqçiliyi, oyunçu inkişafı, məşq metodologiyası, skautinq və performans analizi sahələrində təcrübəyə malikdir. O, həmçinin klubda akademiyadan əsas komandaya qədər vahid inkişaf modelinin qurulmasında iştirak edib.

Estoniyalı mütəxəssis futbolun yalnız oyun kimi deyil, insan davranışlarını, mühiti, mədəniyyəti, qərarvermə prosesini və performansı formalaşdıran bütöv bir sistem kimi dəyərləndirilməsinin əhəmiyyətindən danışıb. Təlimçi nəticələrə təkcə son göstərici kimi baxmaqdansa, həmin nəticələri yaradan proseslərin, gündəlik davranışların və mühitin təhlil olunmasının vacibliyini vurğulayıb.


Seminarda klub DNT-sinin akademiya mühitində tətbiqi, oyun fəlsəfəsi, məşq metodologiyası və oyunçu inkişaf modelinin vahid sistem kimi qurulması əsas mövzular sırasında yer alıb. Qeyd olunub ki, klubun DNT-si yalnız ümumi ideya və ya şüar deyil, komandanın gündəlik davranış kodu kimi formalaşmalı, məşq prosesi, oyun analizi, skautinq və oyunçu inkişafı bu yanaşma əsasında sistemli şəkildə qurulmalıdır.


Futbol sahəsində davamlı öyrənmə imkanlarının əhatəsinin genişləndirilməsini dəstəkləyən AFFA bu istiqamətdə həm fiziki, həm də rəqəmsal öyrənmə imkanlarının mütəmadi olaraq təşkil olunmasını nəzərdə tutur. Məqsəd futbol ekosisteminin müxtəlif iştirakçıları üçün daha əlçatan, praktik və müasir təhsil imkanları yaratmaqdır.


Seminar iştirakçılarla fikir mübadiləsi və sual-cavab sessiyası ilə yekunlaşıb. Tədbirin sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.