
Otsuz stadiona otbiçən: məzəniz olsun
- 30 Noy 2021 12:00
- 622
AFFA-nın icraçı vitse-prezident-baş katibi Elxan Məmmədovun Mingəçevirə səfərindən sonra məlum oldu ki, federasiya sözügedən şəhərin stadionuna otbiçən maşın hədiyyə edib. Stadion direktoru da tezbazar bu maşınla bir şəkil çəkdirib paylaşıb və Məmmədova "diqqət və qayğı"ya görə təşəkkür edib. Baş katib yaxşı çəmini tapıb bizim futbolun və futbol adamlarının. Bilir ki, orda-burda danışmaqla deyil, 5-10 forma, top, arada da belə otbiçən maşınla hamısının gözündə qəhrəman olmaq, onların xeyir-duasını almaq bir içimlik sudur onun üçün. Nə isə. Məsələnin bu tərəfini qoyuram qırağa.
Diqqətimi çəkən nədir? Mingəçevir stadionunda hazırda otdan əsər-əlamət yoxdur. Fotodan da göründüyü kimi, qazon tamam saralıb və hətta deyərdim, torpaqlaşıb. Belə bir qazonda o maşının reklamı nəyə lazım idi? Elə inzibati binanın qabağında, asfalt örtüyün üzərində də o şəkli paylaşıb təşəkkür etmək olardı. Otbiçən maşının işləməsi üçün gərək əvvəlcə ot ola. Otun olması üçün isə qazona, stadiona əl gəzdirilməli, arena normal vəziyyətə gətirilməlidir. Əgər Mingəçevir stadionu hazırkı vəziyyətdə qalmaqda davam eləsə, orada daim qazon əvəzinə tortaq olacaqsa, o maşının orda varlığı nəyə yarayacaq? Görürsünüz ki, həmişə olduğu kimi, sistemsiz, görüntü, piar xatirinə iş görürük.
İkinci bir məqam. AFFA bu yaxınlarda açıqlama yaydı ki, Mingəçevirdə də iki süni örrtüklü meydamça salacaq. Əgər süni meydança salınacaqsa, otbiçən maşına nə ehtiyac var idi? Yoxsa siz inanırsınız ki, AFFA əsas stadionun örtüyünə toxunmayacaq? Əgər ehtiyat meydançalar süni olacaqsa, əsas meydança heç vaxt təbii ola bilməz. Çünki bu, AFFA-nın strategiyasına ziddir...
Anar XANLAROV