
Ola bilsin, “ASK Arena”nın yerləşdiyi əraziyə kiminsə gözü düşüb və..."
- 15 Noy 2021 17:00
- 788
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində yığmanın Bakıda Lüksemburqa məğlub olması 7-dən 77-yə hər kəsi məyus edib.
Gənclər Canni de Byazinin çalışdırdığı komandanı sosial şəbəkələrdə tənqid atəşinə tutub ürəyini boşaldırsa, bir qədər yaşlı nəsil ürəyindən keçənləri bölüşmək üçün yer axtarır. “Keşlə”nin (“İnter”in) sabiq rəisi Alı Alıyev kimi.
Dünən redaksiyamızla əlaqə saxlayan sabiq funksioner yığmanın nəticələrinə görə xəcalət hissi keçirdiyini, milliyə yerli mütəxəssisin rəhbəlik etməli olduğunu söylədi:
“İnanın, yığmanın oyununa, nəticələrinə görə utanıram. Bu komanda insanların əsəbi ilə oynayır. Bəzi insanlar ölkə futbolunu məhv edib, əlləri ciblərində gəzirlər. Lüksemburqa uduzmaq, qrupda sonuncu olmaq üçün bizə əcnəbi məşqçi lazımdı? Milliyə futbolçularda milli ruhu oyada biləcək yerli mütəxəssis lazımdı. Əks halda biz heç vaxt nəticə qazana bilməyəcəyik. Vətən müharibəsi bir daha göstərdi ki, xalqımızda bu ruh var. Sadəcə, onu oyatmaq lazımdı. Arif Əsədov hazırda italyan məşqçinin köməkçilərindən biridi. O bəyəm futbolu bilmir, məşqçiliyi bacarmır? Elə onu ora təyin edin, işləsin. Və ya Tərlan Əhmədovu deyim. Hər ikisi özünü təsdiqləmiş məşqçilərdi. Niyə onların xidmətindən yararlanmayaq? Əcnəbini bura gətirməkdə bir məqsəd var: büdcədən bacardıqca çox pul silmək. Belədə itirən Azərbaycan futbolu olur. Vaxtilə palçıq yeyə-yeyə futbol oynayan ariflər, tərlanlar artıq məşqçi kimi yetişiblər, yığmanı çalışdırmaq iqtidarındadılar. Onlardan yararlanmaq lazımdı. Bəsdi əcnəbilərə güvəndik. Onların bizə nə xeyri dəyib, hansı uğurlara imza atmışıq? Dünən (srağagün) milli sanki Braziliyaya, dünya yığmasına qarşı oynayırdı, meydanın mərkəzini keçməkdə çətinlik çəkirdi. De Byazi hansı yenilik gətirdi komandaya? İnanın, hazırda ölkənin əsas komandasına çağrılan futbolçular heç də zəif deyillər. Sadəcə, onların potensialından düzgün istifadə etmək lazımdı”.
Fürsətdən istifadə edib Alı bəyin “Keşlə”nin Şamaxıya köçmək planına da münasibət bildirməsini istədik:
“Bilirsiz ki, indi “Keşlə” adı altında çıxış edən komanda yarananda “Xəzər Universiteti” adlanırdı. Həmin komandanı da yaradanlardan biri mən olmuşam. İlk vaxtlar həvəskarlar liqasında mübarizə apardıq, sonradan peşəkar status aldıq. Bu məmləkətin hər tərəfi bizimdi. Bakı, Şamaxı - fərqi yoxdu. Ancaq futbolun coğrafiyasını genişləndirmək istəyirlərsə, elə həmin rayonda yeni komanda yaratsınlar, “Keşlə” pis-yaxşı Bakıda özünə azarkeş kütləsi toplamışdı, tamaşaçılar bu komandanın oyununu izləmək üçün stadiona gəlirdi. İndi ad dəyişir, bölgəyə köçürülür. Belə çıxır ki, komanda özünə yeni azarkeş ordusu toplamalıdı. Belə dəyişikliklə futbolumuz inkişaf etməyəcək. Bütün klublar bir mənbədən maliyyəşir deyə, heç kim səsini çıxara bilmir. Guya bu klub Zaur Axundovundu? Xeyr, klubu saxlayan SOCAR-dı. Ona görə də rəhbərlik səviyyəsində heç kim etiraz edə, səsini çıxara bilmir. Şəhərin mərkəzində o cür infrastrukturu olan klubu birdən-birə necə bölgəyə köçürmək olar? Məncə, burda başqa məsələ var. Ola bilsin, “ASK Arena”nın yerləşdiyi əraziyə kiminsə gözü düşüb və bu üzdən komandanı başqa yerə köçürmək qərarına gəliblər”. ("Futbol plus")