"Neftçi" Eddi İsrafilovla danışıqlar apardığını təsdiqləyib. Bu, o Eddidir ki, Azrbaycan millisində oynamaq üçün 1 milyon pul tələb etmişdi. Bu, həm də o Eddidir ki, 44 günlük savaş günlərində Azərbaycan xalqına qarşı edilən təcavüz, Gəncədə, Bərdədə öldürülən günahsız körpələrə qarşı erməni təcavüzü haqda danışmaqdan imtina etmiş, anası isə bunu Eddinin erməni dostlarının olması ilə izah etmişdi. Və bu Eddini transfer etmək istəyən o "Neftçi"dir ki, azarkeşləri Vətən uğurunda döyüşmüş, şəhid olmuşdu. Mayor Rüfət Əsgərov, leytenant Teymur Məcidzadə və adlarını bilmədiyimiz daha neçə-neçə oğullar. Bu oğullara güllə atan həmin Eddinin dostluq etdiyi ermənilər olub. Unutmayın ki, "Neftçi" də sıradan klub deyil, Azərbaycanın ən köklü, ən yaşlı klubudur. Yəni nə yazım, özüm də bilmirəm. İşin mənəviyyat tərəfi var da. Həmin Rüfətin, Teymurun tribuna silahdaşları onlara güllə atan erməniyə dost deyən birini alqışlasın? Bunu mən təsəvvür eləmirəm, siz necə təsəvvür edirsiniz, onu deyə bilmərəm. İnsanda milli qürur, vətənpərvərlik hissi olmalıdır axı. Yəni biznnes maraqları, pul qazanmaq eşqi bu qədər üstündür?

 

Hələ işin peşəkar tərəfinə toxunmuram ki, Eddi nə futbolçudur ki, "Neftçi"yə də nə faydası dəysin. 1 milyon qarşılığında oynadığı milliyə nə faydası dəydi ki, "Neftçi"yə də dəysin? Görünən budur ki, ordada böyük biznes marağı var. Atası anqolalı olan Eddini milliyə dürtüdürüb pul qatlayan maraqlar bu gün  eyni addımı "Neftçi"də atıb yenə pul qazanmaq istəyir. Hər halda, "yuxarı" təqdimat belə olacaq ki, İspaniyada oynayır, milli statusu daşıyr və bununla da büdcədən böyük məbləğ çıxarmaq mümkün olacaq. Həmin insanların çox vecinədir ki, Eddi ermənilərlər dostluq edir, Gəncə, Bərdə terroru onun vecinə də deyil. Ayıbdı, özünüzü yığışdırın. Əgər bu transfer baş tutsa, şəxsən mənə görə bunu həyata keçirənlər xəyanətkar statusu daşıyacaq. Erməninin xətrinə dəyməmək üçün erməni vəhşiliyinə göz yuman, bunu dilə gətirməkdən imtina edən birini "Neftçi" kimi kluba gətirməyin başqa adı yoxdur...

 

Anar XANLAROV