Mətbuatda "Neftçi"nin keçmiş futbolçusu Fərid Abbaslı karyerasını erkən bitirməsi və hazırda taksi fəaliyyəti ilə məşğul olması haqda məlumat yayılıb və saytımızda da bununla bağlı xəbər getmişdi. Saytımızla əlaqə saxlayan futbolçu bütün bu məlumatların yalnış olduğunu bildirib.

 

Rekord.az-a açıqlamasında Abbaslı bildirib ki, doğru olmayan bu məlumatdan çox narahatdır və həqiqəti bizimlə bölüşmək istəyir.

 

Təbii ki, biz də obyektivliyi qorumaq üçün "Neftçi"nin sabiq futbolçusuan tribuna verdik: "Haqqımda bu cür məlumatın çıxmasına təəssüflənirəm. Bilmirəm bunu kimlər yayıb, məqsədləri nədir, amma tamamilə yalan məlumatdı. Birincisi, mənim heç maşınım yoxdur ki, taksi fəaliyyəti ilə də məşğul olum. İkincisi, mən futbolu da atmamışam, hazırda da karyeramı davam etdirirəm, "Region Liqası"nda çıxış edən Astara komandasının şərəfini qoruyuram. Buyurun, əlaqə saxlayıb özünüz də dəqiqləşdirə bilərsiniz. Bundan başqa, “Fair Play” Futbol liqasında da forma geyinirəm. Həftənin ikinci günləri əlavə olaraq dost-tanışla yığışıb futbol oynayırıq. Yəni nəinki futbolu atmamışam, əksinə, səylə hazırlaşıram ki, formamı qoruyum və yayda daha iddialı komandalarda forma geyinim. Həm karyerama diqqət yetirsəniz, görərsiniz ki, "Neftçi"dən başqa, "Binə", "Uğur", "Ağsu", "Baku City" komandalarında da çıxış etmişəm, hazırda da dediyim kimi, Astarada forma geyinirəm. Bir daha deyirəm, taksi sürmürəm, futbolu da atmamışam. Əksinə, var gücümlə hazırlaşıram, hətta Premyer Liqa klublarından təklif də gözləyirəm".