Bəziləri deyəcək ki, yoldaşlıq oyunudu, nəticə önəmli deyil filan, əvvəla yoldaşlıq oyunu deyil kifayət qədər böyük auditoriyanın diqqətində olan turnirdi. İkincisi, lap yoldaşlıq görüşü olsun, yoldaşlıq görüşüdürsə gərək bizə 4 dənə vuralar, qoy elə biz 4 dənə vuraq da. Bunu da qoydum qırağa, mən də gözəl bilirəm ki, bu turnirin nəticəsi ciddi önəm daşımır, amma bu komanda, bu heyət gələn ay Konfrans Liqasında oyuna çıxacaq.

 

Heyət yoxdu, nə kəramətdirsə, hər oyunda da bir qapıçı itiririk. Yeni transferlərlə bağlı ehtimal da görmürük. Ozobiçi sözün əsl mənasında hələ meydanda görə bilmirəm. Eminin oyunundakı geriləmə də göz önündədir, hiss olunur ki, geridə qalan bir ayda fiziki cəhətdən axsaması var. Azərbaycanda mediadan uzaq gəzən Getman "Zenit"lə oyundan sonra mətbuat konfransında əvvəlcə təşkilatçılara babat bəy tərifi dedi, sonra da nostalji hisslərini yada saldı. Bu dəfə nə deyəcək, Allah bilir. Tamam, baş məşqçi deyilsiniz, komandanı müvəqqəti qəbul etmisiniz, amma fakt 10 gündür bu futbolçular sizin rəhbərliyiniz altında məşq edir, Piterdəki şərait də bilirik ki, superdi. Bəs bu futbolçular niyə ayaqlarını ayaqlarının dalınca sürüyür? Lebon fint eləmək istəyir ayağı-ayağına dolaşıb yıxılır, stadionu özünə güldürür. Hanı bu komandaya verilən fiziki hazırlıq? Getman da, Vadar da müdafiəçi olub. Müdafiəçilərin hazırladığı komanda niyə iki oyuna 7 top buraxır. Vurulan bir qol da penaltidən vurulub.

 

Yeni baş məşqçi məsələsi də tapmacaya dönüb. İndi də Mutunun adı hallanır. Bəribaşdan deyim, doğrusa, yalan olsun. Ondan "Neftçi"yə baş məşqçi olmaz. Əgər bu qədər vaxt, zaman boşa verilirsə, heç olmasa yekunda "Neftçi"ni bu durumdan çıxaracaq məşqçi gəlməlidir. O zaman bu mövsüm itirilmiş olsa da, gələcəyə ümidlə baxmaq olar. Amma gələn Regedən betər olacaqsa, vay "Neftçi"nin halına. Növbəti mövsüm onsuz da çətin keçəcək. "Qarabağ"la "Sabah"ın hazırda hansı səviyyədə hazırlıq keçməsi, hansı futbolçuları transfer etməsi hər kəsə məlumdu. "Qarabağ" və "Sabah"ı qoyaq qırağa, mən hətta "Səbail"i, "Turan Tovuz"u da qeyd edərdim, bu klublar da transfer bazarında kifayət qədər ciddi addımlar atırlar, yaxşı futbolçular transfer edirlər. Yeni mövsümün startına da cəmi 25 gün qalıb. 25 günə həm heyət komplektləşdirmək, həm yeni transferlər etmək, həm də həmin heyəti fiziki-taktiki-texniki cəhətdən çempionata hazırlamaq çox çətin məsələdir...

 

Anar XANLAROV