Qərb Regional Futbol Federasiyası İctimai Birliyininin 6-cı hesabat seçki konfransı keçirilib.

Rekord.az xəbər verir ki, əvvəlcə iştirakçılar konfransın gündəliyi ilə tanış olublar.

Nadir Nəbiyevin iştirakçıları salamlamasından sonra iclasın sədri Regional Futbol Federasiyaları İctimai birliyinin baş mütəxəssisi Fizuli Nəcəfov söz alıb. Onun rəhbərliyi ilə aparılan konfransda ötən dövr üçün Qərb Regional Futbol Federasiyası İctimai Birliyinin hesabatı dinlənilib. İştirakçılar hesabatı yüksək səviyyədə qiymətləndirərək 5 illik dövrdə görülən işləri qənaətbəxş hesab ediblər. Daha sonra səsvermə mərhələsinə keçilib. İştirakçılar yekdilliklə Nadir Nəbiyevə səs veriblər.

Sonda növbəti dəfə QRFF prezidenti seçilən Nadir Nəbiyev iştirakçılara göstərdikləri etimada görə təşəkkürünü bildirib, bölgədə futbolun inkişafı üçün daha da həvəslə çalışacaqlarını qeyd edib.