İyulun 7-də "Naxçıvan Saray"da Araz-Naxçıvan Veteran Futbol Klubunun təsis yığıncağı keçirilib.

Rekord.az xəbər verir ki, yığıncaqda Naxçıvan futbolunda misilsiz rolları olan əməkdar məşqçilər İbrahim Mirzəyev və Bilal Nağıyev, Araz-Naxçıvan futbol klubunun tərkibində dəfələrlə ölkə çempionatı mükafatlarına və Azərbaycan çempionu tituluna malik olan veteran futbolçular Canpolad Həsənov, İlham Məmmədov, Vilayət Əmirov, Əlövsət Hüseynquliyev və Orxan Mirzəyev klubun yarandığı zamandan, dünənindən, bu günündən və mövcud problemlərindən bəhs ediblər.


Daha sonra veteran futbolçuları narahat edən, Naxçıvan futbolunun və yerli futbolçuların inkişafına mane olan mövzulara toxunulubdur. Naxçıvan Futbol Federasiyası rəsmisinin, AFFA və PFL qaydalarını kobudcasına pozaraq Araz-Naxçıvan PFK-da eyni anda bir neçə vəzifədə işləməsi, Naxçıvan futbol yetirmələrinin klubdan kənarda qalmalarına laqeyid yanaşması və bu kimi neqativ hallar veteran futbolçular tərəfindən mənfi qiymətləndirilmişdir.


Eyni zamanda Araz-Naxçıvan Veteran Futbol Klubunun bu günkü tarixdə təsis olunmasınının səbəbi isə, Naxçıvan Muxtar Respublikasında yeni uğurlu dönəmin başlanması, aparılan islahatlar və şəffaf siyasət olaraq qiymətləndirilmişdir. Bu uğurlu yeni dönəmin Naxçıvan futboluna və Naxçıvan idman sahəsinin inkişafına töhfə verəcəyi vurğulanmışdır.
Təsis yığıncağı məhdud sayda veteran iştirakçılarla keçirildiyinə görə, iştirak etməyən veteran futbolçuların növbəti iclaslarda iştiraklarının təmin edilməsi haqqında qərara gəlinmişdir.


İclasın yekununda Araz-Naxçıvan Veteran Futbol Klubunun idarə heyəti üzvləri, Canpolad Həsənov, İlham Məmmədov, Bilal Nağıyev, Orxan Mirzəyev, müavinlər İbrahim Mirzəyev və Vilayət Əmirov, İdarə heyətinin sədri isə Əlövsət Hüseynquliyev olaraq qərarlaşdırılmışdır.