“Mövsüm bizim üçün inanılmaz keçdi” – Dambrauskas
- 13 May 2026 22:56
- 35
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun “Zirə” ilə keçirilən final qarşılaşmasından sonra mətbuat konfransında iştirak edib.
Rekord.az xəbər verir ki, litvalı mütəxəssis komandasının 2:1 hesablı qələbəsini belə dəyərləndirib:
“Mən əvvəlcə oyunçularımı təbrik etmək istəyirəm. Tək bu oyuna görə yox, bütün oyunlara görə. Bu mövsüm bizim üçün inanılmaz keçdi. Oyunçularım qəhrəmanlıq göstərdilər. Onlar məşqə gəlirlər, can yandırırlar. Düşünürəm ki, onlar bütün qalibiyyətlərə layiqdirlər.
Mən əlavə məşqçi heyətimə, həkimlərə, meydançalara qulluq edənlərə, xadimələrə, mövsüm ərzində çalışan hər kəsə təşəkkür edirəm. Klub rəhbərliyinə də, xüsusilə Ramil Həsənova təşəkkür edirəm ki, o, hər zaman bizi dəstəkləyib. Bu komandada bir çox insan çalışır, əziyyət çəkir.
“Zirə”ni də təbrik edirəm. Həqiqətən yaxşı, məşqçi işi görünən komandadır. Mən bu oyundan çox zövq aldım. Eyni zamanda, sizə təşəkkür edirəm ki, hər dəfə mətbuat konfranslarına gəlirsiniz, əziyyət çəkirsiniz və Azərbaycan futbolu haqda önəmli məlumatları çatdırırsınız.
Yaxşı oyun göstərmək oyunçularımın vəzifəsidir. Çalışırıq ki, azarkeşlərimiz oyundan zövq alsınlar. Hər iki qolumuz fantastik idi. Burada komanda işi var. Daha əvvəl də qeyd etdiyim kimi, oyunçularımla qürur duyuram. Mən çox xoşbəxt məşqçiyəm ki, belə oyunçularım var.
Mən çalışdığım klubları müqayisə etməzdim, çünki hər biri mənim üçün dəyərlidir. Azərbaycanda da qazandığım titullar dəyərlidir”.