"Roma"nın baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasının 25-ci turunda "Sassuolo" ilə oyundan (2:2) sonra mətbuat haqda danışıb.

Rekord.az xəbər verir ki, portuqal mütəxəssis İtaliya mətbuatını kəskin tənqid edib və hətta aşağılayıb.

İtaliya Kubokunun 1/4 finalında “İnter”lə oyundan (0:2) sonra Mourinyonun paltardəyişmə otağında “Roma” futbolçuları ilə sərt danışığının stenoqramı mətbuatda dərc edilmişdi. Joze məsələyə belə münasibət bildirib:

“Yayılan xəbərin bir hissəsi yalan deyil, qalan hər şey isə beşinci sinif səviyyəsində jurnalistikadır. Bu, etikasız, mahiyyəti olmayan jurnalistikadır. Və buna həqiqət deyirlər.

Bu heyətdə üstün bir xüsusiyyətimiz varsa, bu, bizim birliyimizdir. Deyə bilərlər ki, biz zəifik, amma heç kim deyə bilməz ki, xaraktersizik. Baxmayaraq ki, futbolun öz sərhədləri var”.