“Roma” İtaliya A Seriyasının 3-cü turunda “Sassuolo”nu məğlub edib – 2:1.

Rekord.az xəbər verir ki, bu qarşılaşma paytaxt klubunun çalışdırıcısı Joze Mourinyo üçün əlamətdar olub. Belə ki, portuqaliyalı mütəxəssis baş məşqçi kimi 1000-ci oyununa çıxıb.

2000-ci ildən məşqçiliyə başlayan Mourinyo geridə qalan 1000 matçda 638 qələbə qazanıb. 58 yaşlı mütəxəssis 204 heç-heçə edib və 158 dəfə də məğlub olub.

Mourinyo karyerası ərzində daha əvvəl Portuqaliyada “Benfika”, “Leyriya”, “Portu”, İngiltərədə “Mançester Yunayted”, “Çelsi”, “Tottenhem”, İtaliyada “İnter”, İspaniyada “Real” kimi klublarda çalışıb. O, Portuqaliya, İngiltərə, İtaliya, İspaniya çempionu olub, Çempionlar Liqası və Avropa Liqasını qazanıb.

Mourinyo bu yay “Roma”ya baş məşqçi təyin olunub.