“Mərhələni keçmək üçün səfərdə bundan da yaxşı çıxış etməliyik” - Rəşad Sadıqov
- 22:50
- 40
“Zirə” bu gün UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında “Torpedo”nu (Gürcüstan) qəbul edib.
Rekord.az xəbər verir ki, 3:0 hesabı ilə qalib gələn “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun oyundan sonra mətbuat konfransı keçirilib.
Sadıqov oyuna olduqca yaxşı başladıqlarını bildirib:
“Oyun bizim üçün olduqca yaxşı başladı. 65-ci dəqiqəyə qədər hər şey istədiyimiz kimi keçdi. Dünən də dediyim kimi, rəqib təcrübəli komandadır. Sonradan şanslarımız oldu, əfsuslar olsun ki, fərqlənə bilmədik. Qarşıda daha bir 90 dəqiqə var və nəzərə almaq lazımdır ki, 12 min azarkeş qarşısında çıxış edəcəyik.
“Torpedo”nun heyətində çox təcrübəli oyunçular var. Onlar haqda ətraflı danışmayacam. Rəqib bizdən daha hazırlıqlı idi. Amma oyunun əvvəlindən çalışdıq ki, üstünlüyü ələ alaq. Bəzən alınırdı, bəzən yox. Düşünürəm ki, mərhələni keçmək üçün səfərdə bundan da yaxşı çıxış etməliyik. Orada fərqli bir oyun olacaq. Rəqibin itirəcək bir şeyi yoxdur. İrəli atılacaq və belədə bizim də şanslarımız olacaq.
George Papunaşvili çox yaxşı oyun nümayiş etdirirdi. Sadəcə, sarı vərəqə aldıqdan sonra istədim dəyişim. Gördüm ki, bir az aqressivdir”.
Cavab matçı bir həftə sonra Gürcüstanda keçiriləcək.