
Mehman Allahverdiyevin təyinatı nəyə hesablanıb?
- 24 İyn 2022 12:00
- 868
AFFA uzun müddət idi ki, Mehman Allahverdiyevi nəinki Gəncə futbolundan, "Kəpəz"dən, ümumiyyətlə, futboldan uzaq saxlamışdı. 2016-cı ildə klubdan kənarlaşdırılan Gəncə futbolunun "xaç atası" 6 il idi heç kimin yadına düşmürdü. Bu dönəmdə bir sıra söhbətlər də yayıldı. Sirr deyil ki, Allahverdiyev AFFA-ya qarşı sərt mövqe ortaya qoymağa da başlamışdı.Hətta bir neçə il bundan öncə, "Futbol plus"a açıqlamasında federasiyanın sistemini "yararsız" adlandırmaqdan da çəkinməmişdi. Onun işlətdiyi bir cümləni sizlərin yadına salmaq istəyirəm: "Hərdən mənə elə gəlir, AFFA rəhbərliyi bilərəkdən yanlarıına futboldan anlayışı olmayanları götürürlər ki, səhv addım atanda, yanlışlığa yol verəndə onlara heç nə deməsinlər. AFFA-da jeleli, pudralılar yox, futbolun içindən çıxan, bu sahənin bütün incəliklərindən xəbərdar olanlar çalışmalıdı".
Qeyd etdiyim kimi, Allahverdiyev bu açıqlamanı çox da uzaq tarixdə verməyib. Hətta iş o yerə çatmışdı ki, federasiya "Kəpəz"ə təyin etdiyi idarəçilərə qəti şəkildə tapşırıq vermişdi ki, Allahverdiyevə yaxın şəxslər kluba yaxın buraxılmamalı, onlara iş verilməməlidir. AFFA-nın adamı hesab edilən Yaşar Vahabzadənin kluba baş məşqçi təyin olunmasından sonra vəziyyət daha da gərginləşdi. Tək yerli azarkeşlər yox, Allahverdiyevin yaxınları hesab edilən futbol veteranları da bu təyinata qarşı çıxaraq, kəskin şəkildə etirazlarını bildirdilər. Bir qrup veteran bu yaxınlarda məsələ ilə bağlı bəyanat da yaydı. Federasiyaya yaxın mənbələr isə bu narazılıqların arxasında təşkilatçı kimi məhz Allahverdiyevin durduğunu hesab edirdi. Bütün bunların fonunda birdən-birə nə baş verdi ki, AFFA Mehman bəyə "Kəpəz"də vəzifə verdi? Kifayət qədər düşündürücü məqamlar var.
AFFA heç vaxt ona qarşı çıxan hansısa futbol veteranına durduğu yerdə iş vermir. Nə onlara canı yanır, nə də iş verməklə səhvini etiraf etmək niyyəti güdür. Əgər federasiya hansısa narazı veterana iş verirsə, deməli, ilk növbədə bunu öz maraqlar naminə edir. Həm iş verməklə həmin veteranın kobud desək, ağzını yumur, həm də özünə qarşı sipər kimi istifadə etməyə başlayır. Bununla bağlı kifayət qədər nümunə göstərə bilərik. Əvvəl AFFA-nı söyüb iş alandan sonra tərifləməyə başlayan futbol veteranlarımız az deyil. Mən indidən iddia edə bilmərəm ki, Allahverdiyev də məhz həmin veteranların yolu ilə gedəcək. Amma təyinatla bağlı təklifi qəbul edibsə, deməli qəbul etdiyi başqa şərtlər də var. Heç kimə sirr deyil ki, Gəncədə azarkeşlər və əksər futbol veteranları Yaşar Vahabzadəni "Kəpəz"in baş məşqçisi postunda qəbul etmir və görmək istəmir. Hər ötən gün bu narazılıqlar daha da artır. Növbəti mövsüm isə bir aydan sonra start götürür. Komanda çempionata uğursuz başlasa, bu narazılıqların hansı həddə çatacağı da indidən bəllidir. Güman etmək olar ki, federasiyanın Allahverdiyevi " qara siyahı"dan çıxarması birbaşa bununla bağlıdır. Çünki bu şəxsin Gəncə azarkeşləri və futbol ictimaiyyəti arasında bu gün də böyük nüfuzu var. Təsadüfi deyil ki, narazı kütlənin komandanın başında görmək istədiyi ilk şəxs də məhz Mehman bəydir. Bu vəziyyətdə bu şəxsi kluba qaytaran AFFA problemləri böyük ölçüdə həll etmək istəyir. Çünki Mehman Allahverdiyev "Kəpəz"ə dönəndən sonra istər-istəməz mövqeyi də yumşalacaq, federasiyadan narazı şəxsdən, razı şəxsə çeviriləcək, və belə olan halda ona hörmət edən narazı azarkeşlərdən, futbol veteranlarında da Vahabzadəyə, AFFA-ya qarşı təzyiq göstərməməyi xahiş edəcək. Bir növü "mənə görə səbr edin, səsinizi çıxarmayın" formatında. Təbii ki, Allahverdiyevə hörmət edən narazı kütlə də məhz bu hörmət xatirinə səbrini basmağa, bir müddət susmağa məcbur olacaq. Amma bu, çıxış yoludurmu? Yaxud, sistem düzgün işləmirsə, uğursuzluqlar ard-arda gələcəksə, hörmət naminə susqunluq nə vaxta qədər davam edə bilər? Mehman müəllim bunu düşünüb, ölçüb-biçibmi? Bəlkə düşünür ki, gələcək uğursuzluqlar fonunda Vahabzadə nə vaxtsa istefaya getsə, onu əvəz etmək şansı yaranacaq? Təbii ki, təcrübəli mütəxəssisin ürəyində nə düşündüyünü bilə bilmərəm. Mən yalnız təxminlərimi qeyd edirəm. Bir sözlə, suallar, qaranlıq məqamlar çoxdur. Bütün bu proseslərin nəyə hesablandığını, hara gedib çıxacağını gələcəkdə görəcəyik. Ümid edək ki, Allahverdiyev nüfuzunu AFFA yolunda xərcləməyəcək.
Anar XANLAROV