
"Marsel"lə oyunlarda "Qarabağ"ın əsas qapıçısı kim olacaq?
- 15 Yan 2022 15:00
- 708
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 1/16 finalında "Marsel"lə (Fransa) matçlarda komandasının əsas qapıçısının kim olacağı barədə fikirlərini bildirib.
Məlum olduğu kimi, Şahruddin Məhəmmədəliyev və Emil Balayev hazırda zədəlidirlər. Ağdam klubu bu həftə Gürcüstan millisinin 22 yaşlı qapıçısı Luka Quqeşaşvilini heyətinə qatıb. O, dünən Antalyada "Qaz Metan"a (Rumıniya) yoxlama matçında (0:0) 2 seyv edib.
Rekord.az xəbər verir ki, həmin görüşdən sonra Q.Qurbanov qol.az saytına açıqlamasında bildirib:
“Emil Balayev yanvarın 15-dən komandaya qoşulacaq. “Marsel”lə oyuna hələ xeyli müddət qalıb. Emil çoxdandır ki, məşqlərdən uzaq idi. Qapıçıların qarşıdakı müddətdə hazırlığına baxacağıq. Luka Quqaşaşvili də dünən (srağagün - red.) ilk dəfə komanda ilə məşqlərə qatılıb. Şahruddinin və Emilin zədəli olması bizi yeni qapıçı almağa məcbur etdi. Bu, təkcə “Marsel”lə oyun yox, ümumilikdə Premyer Liqa matçları üçün də vacib idi. Çünki biz çox diqqətli olmalıyıq. Xüsusən də oyunçular cəhətdən hər hansı bir problemlə üzləşməli deyilik. Ona görə də belə bir addım atdıq. Düşünürəm ki, futbolçuları yaxşı, sağlam rəqabət gözləyir. Bu qapıçılardan hansının əsas heyətdə olacağı barədə qərar vermək üçün vaxt var".
Qeyd edək ki, "Qarabağ" "Marsel"lə fevralın 17-də səfərdə, fevralın 24-də isə Bakıda qarşılaşacaq.