Noyabrın 25-də Dieqo Maradonanın vəfatının bir ili tamam oldu.

Türkiyəli təşkilatçı Atalay Mutlu böyük heyranlıq duyduğu argentinalı əfsanə ilə bağlı maraqlı etiraflar edib. O, Maradona ilə tanışlığı və onunla birlikdə keçirdiyi 1 aylıq dönəm haqda danışıb. Maradona 2017-nin yayında BƏƏ-nin aşağı liqa təmsilçisi ''Əl-Fucayra''nın başına keçdikdən sonra bu klubun Niderlandda keçdiyi toplanışı məhz Atalay Mutlu təşkil etmişdi:
 

''Böyük klublarımızdan birinin Slovakiya toplanışını təşkil etmək üçün bu ölkəyə gedəndə tanımadığım bir nömrədən mənə zəng gəldi. Çox məşhur bir məşqçilərinin olduğunu deyərək onlara yardım etməyimi istədilər. Əvvəlcə məşqçilərinin kim olduğunu demədilər. Amma mən israr etdikdən sonra Maradonanın adını çəkdilər. Biranlıq özümü itirdim və zarafat etdiklərini zənn etdim. Bu iş mənə bir nağıl kimi gəldi. Təbii ki, onlara yardım etmək üçün əlimdən gələni etdim. Bu, mənim üçün böyük bir qürur idi. Niderlandda olduğumuz müddətdə Maradona ilə bir-birimizi tanıdıq və bəzən aramızda səmimi söhbətlər oldu. Dieqoya ''səni bir gün Türkiyədə görmək istərdim'' dedim. O da ''çox sevinərəm. Türkiyəyə bircə dəfə ''Sevilya''nın heyətində gəlmişəm və çox bəyəndim. İstanbul gözəl şəhərdi. Türkiyədə və xüsusilə də İstanbulda belə variant olsa, işləmək istərdim'' dedi. Ötən il belə bir variant yarandı. ''Adana Dəmirspor'' iddiasını artırmaq və superliqaya qayıtmaq istəyirdi. Orda işləyən bir tanışım Maradonadan klubu çalışdırmaq istəyib-istəmədiyini soruşmağımı xahiş etdi. Mən də əvvəlcə köməkçisi ilə əlaqə saxladım. Bir gün sonra köməkçisi zəng vuraraq Maradonanın mənimlə görüntülü danışmaq istədiyini dedi. Dieqo mənə ''gəlməyi çox istərdim, amma indi səhhətimlə bağlı problemlər var. Çətinliklə gəzirəm, ağrılarım var. Məni düşündüyün üçün təşəkkür edirəm. Sağlamlığım imkan versə, bir gün mütləq Türkiyədə işləyəcəm'' dedi. Bu söhbət onun ölümündən 4 ay öncə olmuşdu. Onunla son söhbətimiz oldu''.



Niderlandda Maradonanın qaldığı otelin önünün hər gün dünyanın hər yerindən gələn insanlarla dolu olduğunu deyən Mutlu bir maraqlı hadisəni də nəql edib:
 

''Dieqonun rahat gedib-gələ bilməsi üçün otelin önündə barrikada qurmalı olurduq. Axşam 20.00-dan sonra şəkil çəkdirmək növbəsi təşkil edirdik. Bir gün ora nəzarət etmək üçün çölə çıxanda üç uşaq anasının ağladığını gördüm. Yaxınlaşaraq ''sizə nə ilə kömək edə bilərəm'', - deyə soruşdum. Mənə ''Dieqonu nə qədər çox sevdiyimi bilmirsiz. Neçə gündü gəlib-gedirəm, amma şəkil çəkdirə bilmirəm'' dedi və oğlunun vəsiqəsini göstərdi. Uşağın adı Dieqo Armando idi. O biri uşağın adı isə Dieqonun heyranı olduğu Çe Gevara idi. Bu qadının məndən də böyük Maradona heyranı olduğunu görərək Dieqonun yanına qalxdım və hadisəni ona danışdım. Qadını və uşaqlarını öz otağına çağırıb vəsiqələrə baxdı. Maradonanı bu qədər duyğusal görməmişdim. Vəsiqənin üzərində öz adını gördükdən sonra qadını da, uşaqları da qucaqladı. Uzun müddət onlarla söhbət edib həyatları ilə maraqlandı. Qadın getdikdən sonra Maradona mənə ''belə insanlar olanda soruşmadan yanıma gətir. Çünki onlar özəl insanlardı'' dedi.