Kommunizm kimi püşk
- 2020-08-11 16:40
- 1645
Koronavirus pandemiyası dünyanı əməlli-başlı sarsıdıb. Bu xəstəliyin əlamətlərindən biri də odu ki, ona yoluxan adam dad və iybilmə qabiliyyətlərini itirir. Koronaviruslu xəstəyə acı-şirin nə versən, onun dadını hiss etmir. Dünyanın ən yaxşı ətirlərini həmin adamın burnuna tutsan, yenə də heç nə dəyişməyəcək. Acınacaqlı haldı. Təsəvvür edirsizmi, adam uzun müddət belə yaşasa, ağlını da itirər, həyatın mənasını da. Xoş iyləri bilmədən, acının-şirinin dadını hiss etmədən necə yaşamaq olar?
Futbol dünyası da bu “taclı virus”dan öz nəsibini alıb. UEFA hər nə qədər kürəyini yerə verməsə də, pandemiyanın zərərlərini bütün Avropa futbolu hiss etdi. Mən özümüzü o sıraya aid etmək istəmirəm. Çünki koronavirusun ilk həmləsindəcə Azərbaycan futbolunun başbilənləri ikiəlli təslim oldular. Premyer Liqamız dayandırıldı və bir daha bərpa edilmədi. Baxmayaraq ki, sağımızda-solumuzda futbol oynadılar, çempionatı sona çatdırdılar. İndi də UEFA Çempionlar Liqasını və Avropa Liqasını bitirmək əzmindədi. Amma özləri də başa düşürlər ki, hazırkı sistem hamımızı koronaviruslu xəstələrin gününə salıb. Çempionlar Liqasının pley-off oyunlarına baxırıq, di gəl ki, həyəcanlanmaq olmur. Sanki futbolun da dadını, duzunu koronavirus özüylə aparıb.
Beləsini biz heç vaxt təsəvvür edə bilməzdik. Avrokubokların ötənilki mövsümü başa çatmayıb, amma artıq yeni mövsümə start verilib. Bir tərəfdə qitənin nəhəng klubları Çempionlar Liqasının 1/8 final mərhələsində bir-biriylə yarışırlar, o biri tərəfdə də adı futbol xəritəsində olmayan “cırtdanlar” yeni mövsümün ilk oyunlarını keçirirlər. Keçən ilin bu vədəsində bizə desəydilər ki, gələn ilin avqustunda şənbə günləri Çempionlar Liqasının oyunları keçiriləcək, əlimizi yelləyər, qəhqəhə çəkib gülərdik. İndi isə bu acı reallığın şahidiyik. Martda, apreldə yaşadıqlarımızı xatırlayır, özümüzə təskinlik veririk, “bu günə də şükür” deyirik.
UEFA yeni mövsümün püşkatma mərasimini bir qədər fərqli formada keçirdi. Bu dəfə klub təmsilçiləri püşkatmaya qatılmamışdı. Çox güman ki, hərəsi öz ofisində oturub, “kor püşk”ün qarşıya kimi çıxaracağını gözləyirdilər. İmanımızı yandırmaq istəməzdik, amma görünən odu ki, UEFA özü də təsnifat mərhələlərini tezbazar yola verməyin hayındadı. Özləri də başa düşür ki, bu mərhələyə qatılan klubların 99 faizi qrupları görə bilməyəcək, sadəcə iştirak etmək xatirinə iştirakçıya çevriləcəklər. Hamı “Qəbələ” deyil ki... Ona görə də UEFA da klubların, həm də elə özlərinin xərclərini azaltmaq həvəsindədi. Elə bu səbəbdən də püşk atılarkən bir çox subyektiv amillər nəzərə alınıb, müəyyən cütlüklərin formalaşması kənar amillərin təsiri altında mümkün olub.
Şikayətçi olmaq istəməzdim. Onsuz da püşkatmadan əvvəl hamımız həyəcanlanırdıq, qorxurduq ki, 6 aydı normal futbol oynamayan klublarımız ilk mərhələdəcə darmadağın olar, papağımızı yerə soxarlar. Püşkün üzümüzə gülməsi bu ehtimalı xeyli azaltdı. Sovet dövrünün uşaqları orta məktəblərdə bir hekayə oxuyurdular. Hekayənin məğzi beləydi ki, "kim kommunizmin qurulmasını necə fikirləşir". Uşaqlardan biri deyirdi ki, o özü kommunizmin qurulmasında iştirak etmək həvəsindədi. Digəri isə gözlərini yumub yatmaq, oyananda isə kommunizmin qurulduğunu görmək istəyir. Bax, bu da həmin kommunizmdi. Martda bəri “yuxuya” gedən klublarımız bir də gözlərini kommunizmə düşəndə açıblar. Buyurun, indi də qəhrəman olmaq zamanıdı.