“Kəpəz” xorvatiyalı qapıçıya oktyabrdan maaş verir?
- 12 Yan 2023 15:00
- 607
“Kəpəz”in yeni transferi Mario Mustapiçlə bağlı problem nəhayət ki, həll olunub və o, komandanın Antalya toplanışına qatılıb.
Rekord.az xəbər verir ki, bir müddət əvvəl ölkəsinə yollanan qolkiper sonuncu klubu olan “Rudes”lə ortaq nöqtəyə gələ bilib.
Məlum olduğu kimi, Mustapiç hələ oktyabrda Azərbaycana gəlmiş, “Kəpəz”lə rəsmi müqavilə bağlamış və ictimaiyyətə təqdim olunmuşdu. Lakin sonradan məlum oldu ki, qapıçı sabiq klubu ilə problemi yoluna qoymadığı üçün Gəncə klubu onu sifariş edə bilmir. Problem ciddi olduğundan qapıçı yenidən vətəninə qayıtmış və problemin həlli ilə məşğul olmuşdu. Hazırkı durumda maraqlı olan nədir? Futbolçu “Kəpəz”lə müqaviləni oktyabrda bağlayıb, amma məlum problem səbəbindən yanvardan etibarən meydançaya çıxa biləcəck. Bəs oktyabrdan yanvara qədər olan müddət üçün qapıçıya maaş ödənilib? Axı rəsmi müqavilə o müddətdə bağlanıb və orada əmək haqqı ilə bənd var. Məsələyə aydınlıq gətirmək üçün “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq. Klub rəsmisi bildirdi ki, oktyabrda bağlanan müqavilə qüvvədə qalır. Yəni qapıçının “Kəpəz”lə müqaviləsi 2022-ci ilin oktyabrından hesablanacaq. Lakin oktyabr-yanvar ayları arası olan müddət üçün ona əmək haqqı ödənməyib və ödənməyəcək. Mustapiç “Kəpəz”dən yalnız yanvardan etibarən maaş almağa başlayacaq.