Kamal Quliyevin yeni iş yeri: uşaq futbolunda işləyəcək
- 13:00
- 46
Azərbaycan millisinin sabiq üzvü Kamal Quliyev yenidən futbol qayıdıb
Rekord.az xəbər verir ki, veteran futbolçu uşaq futbolunda çalışacaq.
O, Sumqayltda yeni yaradılan "Polad-2024" klubunda işləyəcək. Saytımıza açıqlamasında Quliyev məlumatı təsdiqlədi: "Bir müddət idi ki, səhhətimlə bağlı futboldan uzaq düşmüşdüm. Uzun sürən müalicədən sonra yenidən sevimli peşəmə qayıtmaqdan çox sevincliyəm. Hazırda bütün bilik və təcrübəmi uşaqların inkişafına, onların sağlam və peşəkar futbol mühitində yetişməsinə yönəltmişəm. Əsas məqsədimiz ölkənin istedadlı uşaqlarını aşkar etmək, onların potensialını üzə çıxarmaq və gələcəkdə Azərbaycan futboluna töhfə verəcək gənc futbolçuların yetişməsinə dəstək olmaqdır. Klubumuzda müxtəlif yaş qrupları üzrə komandaların formalaşdırılması həyata keçirilir. Hazırda bir neçə yaş kateqoriyası üzrə komandalar fəaliyyət göstərir və yaxın gələcəkdə bu istiqamətdə genişlənmə nəzərdə tutulur. Məşq prosesi təcrübəli mütəxəssislər tərəfindən təşkil olunur. Hər bir uşağın fərdi xüsusiyyətləri və bacarıqları nəzərə alınır, onların inkişafı üçün müasir metodikalara əsaslanan proqramlar tətbiq edilir. Uzunmüddətli perspektivdə əsas hədəf klubu peşəkar futbola aparan etibarlı platformaya çevirməkdir. Klubun missiyası yalnız futbolçu yetişdirməklə məhdudlaşmır. Əsas məqsəd sağlam düşüncəli, intizamlı, vətənpərvər, öz potensialına inanan və cəmiyyətə faydalı vətəndaşlar kimi formalaşacaq gənclərin inkişafına töhfə verməkdir. Klubumuzun adı “Polad 2024 FC”dır. Bu ad gücü, möhkəm iradəni, dözümlülüyü və qələbə əzmini ifadə edir. “Polad 2024 FC” Futbol Klubu olaraq məqsədimiz yalnız bacarıqlı futbolçular yetişdirmək deyil, həm də xarakterli, məsuliyyətli və gələcəyinə inanan gənclər formalaşdırmaqdır. Sonda qeyd etmək istərdim ki, futbol məktəbi fəaliyyətimlə yanaşı, futbol klublarından da təkliflər gözləyirəm. İnanıram ki, Premyer Liqada çıxış edən klublardan birində öz bilik və bacarıqlarıma arxalanaraq yüksək səviyyədə və keyfiyyətli iş ortaya qoya, Azərbaycan futbolunun inkişafına dəyərli töhfələr verə bilərəm".