
İlham Əliyev Füzulidə zarafatla Qara Qarayevə nə deyib?
- 13 Noy 2021 17:00
- 618
Milli komandanın yarımmüdafiəçisi Qara Qarayev DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Lüksemburqla oyun üçün proqrama müsahibə verib.
Rekord.az xəbər verir ki, “Qarabağ”ın təcrübəli futbolçusu bunları söyləyib:
“Özümü başqa sahədə görmürəm. Açığı, karyeramı bitirdikdən sonra hansı sahədə olacağımı fikirləşməmişəm. Sabah nə olacağını heç kim deyə bilməz. Uzun illərdi ölkə futboluna xidmət edirəm, yığmanın üzvüyəm. Müəyyən təcrübəm var. Karyeramı başa vurduqdan sonra qazandığım təcrübəni, bilikləri gənc nəsillərə ötürmək istəyirəm. Hətta nə vaxtsa başqa sahədə olsam belə, çalışacam ki, futbolda qazandığımı gənc nəsillərə öyrədim".
Yarımmüdafiəçi 10 il əvvəlki Qara Qarayevlə indiki arasındakı fərqi belə izah edib:
"Çox istərdim ki, indiki ağlım 10 il əvvəlki Qarada olsun. Ovaxtkı ağıl və düşüncə ilə bu gün tam fərqli Qara olardım. Sözün həqiqi mənasında böyümüşəm, 10 il ərzində yaxşı nailiyyətlər qazanmışam. Bu illəri hədər keçirmədiyimi düşünürəm. Gördüyümüz işlə nəyəsə nail olmağa çalışmışıq. Həm mənəvi, həm də fiziki olaraq böyüdüyümü düşünürəm"
.
Qarayev futboldan kənar bacarığından da danışıb:
"Hansısa istedadım olmasa da, etiraf edim ki, bacarmadığım iş yoxdu. Hansı işi tapşırsalar, bacarıram. Birvaxtlar atamın təkidi ilə piano təhsili almışam. Futbola başladıqdan sonra musiqidən uzaqlaşdım, inkişaf etdirmədim. Nə yalan deyim, pianoya marağım olmayıb. Çünki futbol sevgisi daha üstün idi".
Milli üzvü indiyədək doğru bildiyi hərəkətləri etdiyini söyləyib:
"Daha əvvəl dediyim hər hansı sözə və ya hərəkətə görə utandığım an da olub. Kaş olmayaydı, kaş etməyəydim. Səhvsiz insan olmur. Sadəcə, xətadan sonrakı davranış, qarşındakı insanın könlünü almaq, bunun istəməyərək olduğunu izah etmək lazımdı. Həyatda böyük danışmaq olmaz. Çünki bu gün "etmərəm" dediyin şey sabah sənin üçün vacib ola bilər və məcbur qalıb edərsən. Ona görə bu söz müəyyən vaxtda və situasiyada mənasını itirir. Hər kəs istər məcburiyyətdən, istərsə də tələblərdən irəli gələrək "etmərəm" dediyini edə bilər. Bu günə qədər etdiyim hərəkətləri doğru bildiyim üçün etmişəm. Ona görə də çalışıram heç vaxt “etmərəm” sözünü deməyim. Çünki hər dəqiqənin, hər anın tələbləri fərqlidi".
Qara Vətən müharibəsinə də toxunub:
"Şükürlər olsun ki, bu gün dünya arenalarında daha qürurlu dayanırıq. Uzun müddət işğalda olan torpaqlarımızı azad etdik. Xalq, millət olaraq həm ölkəmizdə, həm də beynəlxalq arenada özünəinamımızı qaytardıq. Son damla qanınadək döyüşən, canı-qanı bahasına torpaqlarımızı işğaldan azad edən, bu duyğuları, qüruru bizə yaşadan qəhrəman Azərbaycan əsgərinə borcluyuq. Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram. Çünki bu torpaqların geri qaytarılmasında ən çox əziyyət çəkən onlar oldu. Bəli, artıq qaçqın deyilik, bizim də doğma rayonumuz, torpağımız var. Müharibə başa çatdıqdan sonra özümə sual verdim ki, qaçqın həyatı yaşamaq bizdən nələr alıb? Normal yaşayış şərtləri, təhsil, maddi vəziyyət, gələcək, xəyallar, arzular və s. Bu siyahını daha da uzatmaq olar. Bu gün bəzi insanlar hələ də bunun travmasını yaşayır. Çünki bəzən həlli müşkül olan problemlər ortaya çıxırdı. Şükürlər olsun ki, bu status üzərimizdən götürüldü. Biz artıq qalib xalqıq, torpaqlarımızı işğaldan azad etmişik".
Onun doğulduğu Füzuli rayonuna səfərlə bağlı təəssüratı isə belə olub:
"Füzuli rayonunun yenidən qurulması üçün təşkil olunan təməlqoyma mərasimində iştirak etdim. Hətta qayıtdıqdan sonra valideynlərimə dedim ki, siz mənə anlatdığınızdan da gözəl, füsunkar təbiətə malik Füzuli gördüm. Bizə danışılanlar gördükərimizdən bir az aşağı idi. Bu anları yaşadığımız üçün şadıq. İnanıram ki, ən qısa zamanda dövlətimizin dəstəyi ilə yenidən qurub-yaradacağıq. O torpaqlara həyat qayıdacaq. Həyatımız boyunca bir çox hisslər yaşayırıq: sevinc, kədər, qələbə, məğlubiyyət və s. Amma biz millət olaraq, ilk dəfə torpaqlarımızı geri qaytarmaq hissini yaşadıq. Bunu sözlə ifadə etmək, qələmlə yazmaq mümkün deyil. Füzuliyə ilk dəfə ayaq basanda bir qədər pis təsir etdi. Çünki Füzuli və Ağdamda ermənilər daşı daşüstə qoymamışdılar. Xarabalığı xatırladırdı. Valideynlərimin rayon haqda bəhs edərkən qeyd etdikləri tikililərdən, binalardan əsər-əlamət qalmamışdı. Bu məqam məni kədərləndirmişdi. Nə yalan deyim, rayonun mərkəzinə daxil olarkən hansısa bir tikili axtarırdım ki, şəklini çəkim, atama göstərim. Təəssüf ki, erməni vandalizmi orda işini görmüşdü. Evləri dağıdıblar, bütün infrastrukturu məhv ediblər, bir dənə də salamat bina yox idi. Füzuli rayonunun təməlqoyma mərasimində iştirak etdiyim zaman qürur duydum. O qürur hissi də mənim üçün xüsusi idi. İnanıram ki, ən qısa zamanda dövlətimizin dəstəyi ilə o torpaqlar yenidən canlanacaq".
Milli üzvü Prezident İlham Əliyevlə görüşü haqda danışıb:
"Cənab Prezidentlə son dəfə, səhv etmirəmsə, 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağımız münasibətilə bizi qəbul edərkən görüşmüşdük. Füzuli rayonunun təməlqoyma mərasiminə dəvət almağım mənim üçün xoş sürpriz oldu. Fürsətdən istifadə edib xoş münasibətə, bizi daim diqqətdə saxladığına görə cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Görüş zamanı mənim vasitəmlə “Qarabağ”ın üzvlərinə salam göndərdi. Görüşdə iştirak edən dəyərli millət vəkili Aqil Abbas həmin gün oyunumun olduğunu bildirdi. Prezident də oyuna çatıb-çatmayacağımı soruşdu. Zarafatla dedi ki, sənin çatmağın üçün oyunu gec başlayarlar. Aramızda belə kiçik və maraqlı dialoq yaşandı".
Qaranın "Həyatda nələrisə dəyişmək imkanınız olsaydı, nələri dəyişərdiz" sualını cavabı belə olub:
"İstəyirəm ki, insana zərər verən bütün silahlar, müharibə ləvazimatları məhv edilsin, irqin, rəngin fərqi olmasın, müharibələr bitsin, uşaqlar daha yaxşı gələcəyə sahib olsunlar. Bəşəriyyət üçün böyük təhlükə olan bəzi şeylərin gerçəkləşmə ehtimalının olması məni narahat edir".
Qarayev sonda ən çox bəyəndiyi şəhərin adını da açıqlayıb:
"Sayı dəqiq deyə bilmərəm. Belə demək mümkünsə, Avropanın 95 faiz ölkəsində olmuşam. Ən çox bəyəndiyim şəhər kimi, birmənalı olaraq, Madridi qeyd edərdim. İspaniya paytaxtı mənə qeyri-adi, xoş təsir bağışlamışdı".