İdmançılarımız karantində necə hazırlıq keçir? SORĞU
- 04 Apr 2020 16:30
- 895
Rekord.az xəbər verir ki, hazırda bütün dünyada koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısını almaq və əhalinin sağlamlığını qorumaq üçün mühim addımlar atılır.
Ölkədə karantin rejimi elan olunduqdan idmançıların sağlamlığının prioritet olduğunu nəzərə alaraq, vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə Gənclər və İdman Nazirliyinin tabeliyində olan Olimpiya İdman Komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılıb.
Respublika çempionatları və ölkə birinciliklərinin keçirilməsi də təxirə salınıb. Maraqlıdır, bu müddət ərzində idmançıların fəaliyyəti necə tənzimlənir? Məşqlər davam etdirilirmi? Teleqraf.com idman federassiyalarının xüsusi karantin rejimində fəaliyyətlərini öyrənib.
Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı bildirib ki, təhlükəsizlik tədbirlərinə riayət etmək məqsədilə məşqlər dayandırılıb: "Digər idman növlərində olduğu kimi güləş üzrə komplekslər də bağlıdır. Dünya Güləş Birliyi də bütün yarışları müvəqqəti olaraq təxirə salıb. Karantin rejiminin davam etdiyi müddət ərzində idmançılarımız fərdi şəkildə məşqlər edir. Fərdi məqşlərini gündəlik olaraq bizimlə paylaşırlar, hazırda bu məşqlər formada qalmaq istiqamətinə yönəlib. 2020-ci il Dünya Olimpiadası təxirə salındıqdan sonra ilin əvvəlindən müəyyənləşən proqram ləğv olunub. Mövcud vəziyyət aradan qalxdıqdan sonra təlim-məşq toplanışlarının proqramı müəyyənləşəcək və o plan üzrə hərəkət edəcəklər".
Karate Federasiyasının mətbuat katibi Sənan Məhərrəmov bildirib ki, qrup məşqləri təxirə salınsa da, idmançılar ev şəraitində məşqçilərin təlimatarına uyğun olaraq fərdi məşqlər edirlər.
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev bildirib ki, karantin qaydaları tətbiq edilib, mart və aprel aylarında nəzərdə tutulan yarışlar təxirə salınıb: "Əsas bazamız velotrek idi ki, hazırda ora bağlanıb. Karantin qaydaları elan olunduğu gündən etibarən məşqlər dayandırıldıb. Beynəlxalq yarışlar federasiya tərəfindən aprelin 3-dək ləğv edildi. Bizim velotrek yarışları Avropa ölkələrində baş tutacağı üçün hazırda heç bir yarışda iştirak edə bilmirik. Həftədə bir neçə saat olmaqla əsas yığma komandaya "Yol bizimdir" yol məşqi keçirilir. Bu, məcburiyyətdən atılan addımdır. Lakin bütün aşağı yaş qrupu üzrə yığa komanda üzvlərinə velosiped və evdə sürmə qurğusu verilib".
Azərbyacan Boks Federasiyası mətbuat katibi Tahir Hümbətov da bildirib ki, idmançılar ev şəraitində, onlara verilən gündəlik təlimatlar əsasında fərdi məşqlər edirlər.
Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev bildirib ki, məşqlərin davam etdirilməsi üçün karantin rejiminin bitməsini gözləyirlər: "İdmançılar fərdi şəkildə evlərində məşq edirlər. Bizim idman növü fiziki hazırlıq üzərində qurulub. İdmançılar formalarını qorumağa məcburdular. Yığma komandadan əlavə, hər idmançının şəxsi məşqçisi var. Nəzərə alsaq ki, hər kəsin evində idman alətləri yoxdur, məşqçilər idmançıya uyğun olaraq məşq planı hazırlayırlar".
"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov bildirib ki, futbolçulara həftəlik məşq proqramı yazılıb: "Bu günə qədər parklarda məşq edirdilər, hazırda qadağadan sonra yalnız ev şəraitində fərdi məşqlər edirlər. Futbolçularla daimi əlaqədəyik. Doğrudur, fərdi məşq komanda məşqi kimi effektli olmasa da, çalışırıq ki, idmançılar aktiv həyat tərzi keçirsinlər".