Növbəti mövsüm I Divizionda iştirakla bağlı AFFA-ya müraciət edən komandalardan biri də "Ağsu 06"dı.

Lakin Rekord.az xəbər verir ki, bu komandanın divizionda oynaması çətin görünür.

Düzdür, komandanın stadionu var. Stadionda PFL-in tələblərinə uyğun soyunub-geyinmə, duş, hakim və s. otaqlar da var. Yeganə problem qazona bağlıdır. Belə ki, Ağsu stadionunun süni örtüyü illər öncədən salınıb və istismar müddətini başa vurub. Hazırda bu qazonda futbol oynamaq təhlükəlidir. Qazonun dəyişdirilməsi isə vəsait tələb edir. "Ağsu" bu vəsaiti qarşılasa, o zaman divizionda oynamağa pul qalmayacaq. AFFA-nın verəcəyi 300 min vəsait bir mövsüm üçün yetərli olmayacaq.