
Hamlet İsaxanlı “Keşlə”nin “Şamaxı” olmasına münasibət bildirdi
- 12 Noy 2021 17:00
- 690
“Keşlə” bizim üçün əzizdi. Çünki “Xəzər Universiteti” adi ilə fəaliyyətə başlayıb. Bir çox uğurlar əldə etdik. Çox yaxşı klub idi. Sonradan əl dəyişdi. Buna rəğmən, uğurlarını davam etdirdi. Sonra əldən-ələ dəyişdi. Düzdü, bu, mənə təsir etdi. Bəzi hallarda müsbət, bir çox hallarda mənfi. Elə dünən eşitdim ki, klub yenə adını dəyişib, Şamaxıya köçürürlər. Bundan başqa, hansısa məlumatım yoxdu. Mənə də maraqlıdı ki, bu köç klubun gələcək taleyinə necə təsir edəcək? İstərdim ki, müsbət mənada təsir olsun”.
Rekord.az xəbər verir ki, bu sözləri “football-plus.az” saytına açıqlamasında Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı dedi. AFFA İcraiyyə Komitəsinin sabiq üzvü “Keşlə”nin adının dəyişdirilib, Şamaxıya köçməsinə münasibət bildirdi.
İsaxanlı təsisçisi olduğu klubun nəticələri ilə həmişə maraqlandığını da açıqladı:
“İnter” adlanmağa başlayandan sonra klubla hansısa əlaqəmiz qalmadı. Bizim marağımız var idi, onları izləyirdik. Amma bizimlə maraqlanan olmadı. Sadəcə, futbol xəbərlərində klubla bağlı statistika veriləndə yazılırdı ki, “Xəzər Universiteti”nin davamçısı belə nəticə əldə etdi”. Amma mən onlarla həmişə maraqlanırdım. Hətta belə bir maraq yaranmışdı ki, klubun idarəçiləri ilə danışım, bizim univeritetdə tələbələrlə futbolçular arasında görüş olsun. Amma heyf ki, pandemiya bir çox işlərə mane oldu. Burda sadəcə, məqsəd görüşün keçirilməsi idi. Klub idarəçiləri, futbolçular tələbələrimizlə görüşsünlər, onlarla söhbət etsinlər, qayğılarını dinləyək, keçmiş günləri xatırlayaq. Sabiq futbolçuları da dəvət etmək istəyirdik. Keçmiş oyunçuları, məşqçiləri tələbələrimizlə tanış etməyi planlaşdırırdıq. Heyf ki, pandemiya bu istəyimizə mane oldu”.
Xəzər Universitetinin təsisçisi “Keşlə”nin “Şamaxı” olaraq bölgəyə köçməsinin müsbət və mənfi tərəflərindən də danışdı:
“Düşünürəm ki, proses yaxşı haldı. Klublar bölgələrdə olmalıdı. Hər yaxşı rayonun, şəhərin öz komandası olmalıdı. Şamaxı, Gəncə, Şəki, Quba, Lənkəran, Qazax və digər yerlərimizin öz klubu fəaliyyət göstərməlidi. Keçmiş zamanlarda bəzi bölgələrimizdə komandalar olub. Şamaxı bizim qədim mərkəzlərimizdən biridi. Sayılan şəhər və obalarımızdandı. Bu şəhərdə futbol klubunun olması yaxşıdı. Orda yeni stadion da var. Sadəcə, futbolçuların şəhərə uyğunlaşması necə olacaq? Bunu bilmirəm. Tək futbol oynamaqla deyil ki. Onların şəhərdə yaşamaları, məşq etməkləri var. Mən başa düşürəm ki, bu, nə deməkdi. Bu necə təşkil olunacaqsa, nəticələr də normal olacaq. Bu işlər qaydasında gedərsə, klubun Şamaxıya köçməsi uğurlu alınar. Amma gərək bu məsələlər yerində və dəqiq həllini tapsın”.