
Hakim rəzaləti erkən başladı: günah kimdədir?
- 21 Avq 2023 11:00
- 645
Yeni mövsümün startından sonra 3 tur kifayət elədi ki, ciddi hakim səhvlərinin şahidi olaq. Heç kimə sirr deyil ki, bu mövsüm bütün klublar güclənib, mübarizə daha kəskin olacaq. Hakimlərin buna tab gətirib-gətirməyəcəyi maraqlı idi və 3 tur kifayət etdi ki, bədbin düşünək. Bu gedişlə hakimlər çempionatdakı artan təzyiqlə ayaqlaşa bilməyəcək. Dünən keçirilən "Qarabağ" - "Araz Naxçıvan" matçının baş hakimi Nicat İsmayıl iki dəfə ciddi səhvə yol verdi. İlk hissədə "Araz Naxçıvan"ın hücumu zamanı "Qarabağ"ın müdafiəçisi Rahil Məmmədov sürüşmə fəndində kecikdi və aşkar şəkildı Maşikeyə qarşı cərimə meydançası daxilində kobud oynadı. Epizod 100 faizlik penalti olduğu halda hakimin fiti susdu. VAR da ya müdaxilə etmədi, ya da müdaxilə edildi, amma baş hakim buna əhəmiyyət vermədi.
Oyunun sonlarında isə "Qarabağ"ın hücumu zamanı "Araz Naxçıvan"ın müdafiəçisi əllə oynadı. Epizodun təkrarından da görünür ki, əl təbii vəziyyətdə deyil və əllə oyun var. Amma hakimin fiti yenə susdu.
"Sabah" - "Neftçi" matçında isə görüşün təcrübəli baş hakimi Əliyar Ağayev "Sabah"ın baş məşqçisi Murad Musayevə yersiz yerə qırmızı vərəqə göstərdi. Düzdür, Musayevin hərəkəti peşəkar məşqçiyə yaraşan hərəkət deyildi. Amma o hərəkətə görə qırmızı vərəqə göstərmək də absurd idi. Əgər qırmızı vərəqə Musayevin topu ayağı ilə vurmasına görə idisə, burada "qırmızı"lıq heç nə yox idi. Yox, əgər Amin Seydiyevi itələdiyi üçün idisə, o məntiqlə "Neftçi"nin futbolçusunu daha sərt şəkildə itələyən Amin özü də qırmızı vərəqə almalı idi. Amma maraqlıdır ki, Əliyar Ağayev Murad Musayevi meydançadan qovub daha sərt hərəkət edən Aminə sarı vərəqə göstərməklə kifayətləndi.
Bəs bütün bu səhvlərin səbəbi nədir, günahkar kimdir? Əlbəttə ki, AFFA rəhbərliyi. Hakimləri qınayaq, tənqid edək bu, öz yerində. Amma sabah hansısa hakim çıxıb deyər ki, biz heç bir hazırlıq keçməmişiksə, yayda heç bir toplanışda olmamışıqsa, hansı haqla bizdən yüksək idarəçilik tələb edirsiniz? Həqiqətən də məntiqli düşünmək lazımdır. Hakimlər neçə ildir ki, nəinki ölkə xaricində, heç ölkə daxilində də təlim-məşq toplanışı keçmirlər. UEFA tərəfindən sırf hakimliyin inkişafı üçün ayrılan pullar hara gedir? Hakimlərə hazırlıq üçün normal şərait yaradılmırsa, onlardan hansı haqls səhvsiz idarəçilik tələb edək? Bu suallara cavab tapılanda biabırçı hakim səhvlərinə də son qoyulacaq.
Anar XANLAROV