"Kəpəz"in gürcüstanlı futbolçusu Giorgi Kantariya "Sumqayıt"la Qəbələdə keçirilən dünənki oyundan sonra (0:1) Rekord.az-a müsahibə verib:

 

- Giorgi, oyunun gedişində həm rəqib futbolçularla, həm də hakimlərlə bir neçə dəfə insident yaşadınız. Nə baş verirdi?

- Daha çox hakimliklə bağlı idi. Nə demək olar? Biabırçılıq idi.

- Nə mənada?

- Hər mənada. Burnumu sındırırlar, deyir ki, heç nə yoxdur. Rəqibin bir futbolçusu beş dəfə qaydanı pozur sarl vərəqə bir yana, heç cərimə zərbəsi də qeydə alınmır. Bu cür hakimliyin qarşısında oynamaq olmur. Əgər eyni səviyyədə olan iki komandanın oyununda hakim oyunu bu cür korlayırsa, futbolu anlayan hər kəs bunu görəcək. Çox təəssüf ki, hakim oyunun nəticəsinə təsir etdi. Penalti ilə bağlı epizoda VAR-da baxılmadı. Qapımıza vurulan qol epizodunu da daha ətraflı araşdırmaq olardı. Çünki "Sumqayıt"ın qol vuran futbolçusu bizim futbolçulardan öndə idi. Açıq şəkildə görünürdü ki, hakimin "Sumqayıt" simpatiyası var. Bu cür hakimlik Azərbaycan futbolunu korlayır.

- Necə düşünürsən, hakimin səviyyəsi  bu idi, yoxsa o, məhz sizə qarşı qərəzli idi?

- Bu hakim bizim "Səbail"lə səfər oyunumuzu da idarə etmişdi və çox pis idarə etmişdi. Hər kəs bunu görüb dilə gətirmişdi. Gəncədəki daha bir oyunumuzu da çox bərbad idarə etmişdi. Bu gün də belə. Yenə deyirəm, bunu hər kəs görür. Çox təəssüf ki, bizim səbrimiz də bir yerdə qədərdi və tükənir.

- Bundan sonrası haqda nə düşünürsən? Böyük ölçüdə Premyer Liqada qalacağınızı demək olar. Qarşıdaklı dörd turda turnir cədvəlində sizdənü üst pillələrdə olan komandalarla oynayacaqsınız. Elitada qalmağınızı rəsmləşdirmək üçün neçə xal kifayət edir? 3-4 xal kifayət edər?

- Sona qədər mübarizə aparmaq lazımdır. Hər kəs üzərinə düşən məsuliyyəti hiss edir. Gəncə futbol şəhəridir, böyük şəhərdi. futbol tarixi var, "Kəpəz"in həmçinin böyük tarixi var. Bu mənada Gəncə futbolsuz qala bilməz. Bizim əsas vəzifəmiz də bu komandanı elitata saxlamaqdı. Hər halda, mən də düşünürəm ki, 3-4 xal kifayət edəcək. Amma bu gün "Sumqayıt"ı məğlub etsəydik, məsələni 100 faiz həll etmiş olacaqdıq. Yenə də hər şey öz əlimizdədir.

- Mövsümün sonunda "Kəpəz"lə müqavilən bitir. Komandada qalmaq istəyirsən?

- Hələ bu barədə rəhbərliklə heç bir danışığımıa olmayıb. Baxaq görək, necə olacaq. hansı şərtlər, hansı şərait olacaq. Bundan sonra oturub danışmaq, yaxud digər təkliflərə baxmaq olar.

- Digər təkliflər var?

- Bəli, var. Lakin hələ konkret bir söz deyə bilmərəm. Çünki mövsümün sonunu gözləyirəm. Hazırkı missiyamız bitsin, daha sonra bu məsələni geniş müzakirə edib gələcək taleyimlə bağlı qərar verəcəm.

 

Anar XANLAROV