
“Gənclik şəhəri”ndə futbol bayramı
- 08 Noy 2021 16:30
- 650
Premyer Liqanın 10-cu – “Zəfər turu”nun bağlanış matçında “Sumqayıt” “Avropa fatehi” “Qarabağ”ı qəbul edirdi. “Gənclik şəhəri”ndə oyuna maraq çox böyük idi. Matça girişin biletlə olması belə stadionda yaşanacaq və yaşanan ajiotajın qarşısını ala bilməmişdi. Baxmayaraq ki, tribunalara cəmi 50 faiz azarkeşin girişinə icazə vardı. Zəfər bayramını futbolda qeyd etmək istəyənlər biletləri cəmi bir neçə saatda alaraq bitirmişdilər. Bunu edə bilməyənlər isə stadiona buraxılmadılar və yalnız hasardan, bir də geri qayıdaraq evlərində televiziya qarşısından izləməli oldular. Çox təssüf ki, pandemiya hələ də futbolun “yaxasını buraxmır”.
Start fiti öncəsində tribunalarda gözəl görüntülər vardı. Azarkeşlərin hər birinin əlində Azərbaycan bayrağı vardı. Qarşılaşmanı izləyənlər arasında Qarabağ qazilərinin olması da diqqəti çəkdi. Onların ikisi isə media nümayəndəsi idi. Zəfər Gününü qeyd etməyimizə səbəb olan, müharibə zamanı əlində silah torpaqlarımızın işğaldan azad edilməsində rolu olan həmkarlarımızın xüsusi hörmətlə fərqləndirilməsini izləmək xoş idi. “Sumqayıt” Futbol Klubu idman jurnalistləri Süleyman Vəliyev və Mehman Əşrəfovu meydançaya dəvət edərək xatirə hədiyyəsi təqdim etdi. Tribunada isə azarkeşlər Azərbaycan bayrağının rəngləri üzərində “Əsrə bərabər il. 27 sentyabr – Zəfər tariximizin başlanğıcı” banneri açaraq tarixi günə öz töhfələrini verdilər. Hiss olunurdu ki, yerli klub tədbirə yaxşı hazırlaşıb.
Futbolçular da meydana “Zəfərin mübarək Azərbaycan!” yazılarn formalarda çıxaraq bu bayrama qoşuldular. Ənənəvi olaraq Dövlət Himni səsləndi və matça start verildi.
Oyunda “Qarabağ”ın aşkar üstünlüyü hiss olundu və qonaqlar rahatlıqla qələbə qazanmağı bacardılar. Hesabın böyük olmasına baxmayaraq, sumqayıtlılar öz komandalarını sona qədər dəstəklədilər. Ağdamlı azarkeşlər isə başqa cür fərqləndilər. Görünən odu ki, “Qarabağ” fanatları ötən mövsümün son matçında baş verənləri hələ də unutmayıblar və matçın baş hakimi Elçin Məsiyevin öz qərarları ilə “Neftçi”nin çempionluğunda rol oynadığını düşünürlər. Bu səbəbdən də qonaq azarkeşlərin səsləndirdikləri “Elçin, gəl bura, bir az mırtlaşaq”, “Məsiyev, “Neftçi”dən nə qədər aldın?”, “Elçin, kuboku buraya gətir” və başqa bu kimi şüarlar təəccüblü olmadı.
Fuad Nəbiyev