
Gəncə stadionunda qanunsuz tikintiyə görə icra nümayəndəsinə xəbərdarlıq olunub
- 20 Yan 2022 17:00
- 617
“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun avtomobil dayanacağının bir hissəsində obyekt inşasına başlanıldığı ilə bağlı ötən saylarımızda bir neçə xəbəri diqqətinizə çatdırmışdıq.
Problemlə bağlı aidiyyatı qurumların cavablarını da təqdim etmişdik. Qəzetimizin son sayında isə məsələnin həll olunduğunu yazmışdıq. Həm “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayevin, həm də icraçı direktoru İlqar Nadirinin açıqlamalarında problemin həllində əsas pay sahibi kimi Milli Məclisin gəncəli deputatı Müşfiq Cəfərovun adı çəkildi. Bunu nəzərə alaraq Müşfiq bəyin fikirilərini öyrənməyə qərar verdik:
“Gəncə şəhər stadionunun avtomobil dayanacağının bir hissəsində obyekt tikmək üçün qanunsuz inşaat işləri aparılırdı. Həmin ərazidə gedən tikintidən nə şəhər İcra Hakimiyyətinin, nə Memarlıq və Tikinti Şöbəsinin, nə də şəhər Gənclər və İdman Baş İdarəsinin xəbəri olub. Həmin şəxslər şəhid ailəsi olub. İcra Hakimiyyətinə obyekt yeri verilməsi üçün müraciət etsələr də, ayrılmayıb. Ailə də həmin yerdə icazəsiz tikinti aparmağa başlayıb. “Kəpəz”in mətbuat xidmətinin rəhbəri mənim rəsmi səhifəmə bu barədə məlumat verdi. Özüm də sosial şəbəkələrdə və saytlarda bununla bağlı paylaşımlara baxdım, İcra Hakimiyyəti və Memarlıq və Tikinti Şöbəsi ilə əlaqə saxladım. Onlar da bu barədə məlumatın olmadığını dedilər. Bundan sonra həmin tikinti işləri qısa müddətdə dayandırıldı. Bir daha bu halın yaşanmaması üçün icra nümayəndəsinə də xəbərdarlıq olundu. Mən bununla bağlı nazirliyə müraciət etməmişdim. Çünki şəhər rəhbərliyi ilə problemi aradan qaldırdıq. Problem həll olunmasaydı, təbii ki, nazirliyə müraciət ünvanlayacaqdım”. (Futbol plus")