AFFA ilə Rumıniya şirkəti arasında ciddi problem yaranıb.

Rekord.az sportinfo.az-a istinadla xəbər verir ki, narazılığın kökündə AVRO-2020-nin Bakıda keçirilən oyunları dayanır.

Belə ki, uğursuz marketinq siyasəti aparan federasiya paytaxtımızda təşkil olunan 4 matçı izləyəcək azarkeşlər üçün adıçəkilən ölkədən pivə sifariş edib.

Bağlanan müqaviləyə əsasən, Rumııniyadan Azərbaycana tonlarla içki gətirilib. Lakin AFFA-nın satış proqnozu özünü doğrultmayıb.

Bakı Olimpiya Stadionunda futbolsevərlərə təklif edilən pivəyə maraq böyük olmayıb. Nəticədə qurumun rumın firmasına külli miqdarda borcu yaranıb.

Söhbət hardasa 500 min avro civarında borcdan gedir. Qarşı tərəf indi AFFA-dan həmin vəsaitin ödənilməsini tələb edir.

Halbuki AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov turnirin startı ərəfəsində verdiyi açıqlamada Bakıya 200 minə yaxın turistin gələcəyini gözlədiyini bildirmişdi: "Son xəbər var ki, Uels, Türkiyə və İsveçrə milliləri təlim-məşq toplanışı üçün Bakıda yerləşdiriləcək. 7 gün burda oyunlar olacaq və azarkeşlər üçün böyük vaxtdır. Uels millisinin azarkeşlərinə də sözümüz var: Bakıda pivə keyfiyyətlidir və Uelsdəkindən ucuzdur".