“Azərbaycan” qəzeti “Qarabağ”ın dünən Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazanmasına xüsusi diqqət göstərib.

Birbaşa dövlətə bağlı olan mətbu orqan Ağdam klubunun “Kayrat”a qalib gələrək, qrupdan çıxmasına yeni məqalə həsr edib.

Rekord.az həmin yazını oxucuların nəzərinə çatdırır:

Dünən Konfrans Liqasının qrup mərhələsində 4-cü turun qarşılaşmaları keçirilib. Turnirdəki yeganə təmsilçimiz “Qarabağ” Qazaxıstanda “Kayrat”ın qonağı olub.

İki həftə öncə Bakıda keçirilən matçda 2:1 hesablı əzmkar qələbə qazanan Ağdam təmsilçisi səfərdən də yaxşı nəticə ilə qayıdaraq pley-offa vəsiqəni də təmin edə bilərdi. Qarşılaşmaya meydan sahibləri daha istəkli başladılar. Aydındır ki, “Qarabağ”ın hazırkı heyəti daha çox hücum, qısa ötürmələrə uyğun futbol oynamağa imkan verir. Lakin Almatıda havanın -15 dərəcə şaxtalı olması, yağan qar səbəbindən meydançanın qazonunun vəziyyəti ağdamlılara alışdığımız oyunu nümayiş etdirməyə imkan vermədi. Komandamız matçın ilk dəqiqələrindən müdafiə olunacağını göstərərək “Kayrat”a hücumda daha çox oynamağa imkan verdi. Elə matça da meydan sahibləri daha istəkli başladılar. İlk dəqiqələrdən sağ cinahdan hücumlar təşkil edərək uzun ötürmələrə üstünlük verərək, oyunu meydançanın “Qarabağ”a aid hissəsində qurmağa başladılar.

Ağdam klubu isə topu rəqibə verərək müdafiə olunmaqla, yaranan ani əks-hücumlarda qol epizodları yaratmağa çalışdı.

Matçın 20-ci dəqiqəsindən sonra yaranan əks-hücumlarda komandamız meydançanın rəqibə aid hissəsində çoxala bilmədiyinə görə bir neçə fürsətdən istifadə edə bilmədi. “Kayrat”ın hücum xəttində oynayan Vaqner Lav isə yaranan boş zonalardan faydalanaraq ağdamlıların qapısı qarşısında bir neçə təhlükəli epizodlar yaratdı. Lakin qapı dirəyi komandamızı qoldan xilas etdi.

İlk hissədə demək olar ki, futbolçular Qurban Qurbanovun arzuladığı oyun planını meydançada tətbiq edə bilmədilər. Meydan sahibləri isə itirilən hər topu tez zamanda qazanmağı bacararaq “Qarabağ”lı həmkarlarını topun dalınca daha çox qaçmağa məcbur etdilər.

Fasilədən sonra “Kayrat”ın komanda olaraq hücuma çıxmasından sonra müdafiənin mərkəzində yaranan boşluqdan komandamız faydalandı. Belə ki, yaranan əks-hücum zamanı müdafiə xəttinin arxasına atılan topdan sonra İbrahima Vadji görüşdə hesabı açdı.

Ümumiyyətlə, matçın gedişatında komandalar müdafiənin arxasına atılan toplarla daha çox boş zonalarda qol epizodları yaratmağı hədəfləyirdilər. Bu vaxt isə gah müdafiəçilər mövqe seçimlərində səhvə yol verdilər, gah da qapıçılar bu yanlışlığı sığortalamaq üçün daha çox irəli çıxmaq məcburiyyətində qaldılar. Belə epizodlardan birində “Qarabağ”ın müdafiəçisi Medinanın sayıqlığı itirməsi qapımızda qolla nəticələndi.

Buraxılan qoldan sonra növbəti dəfə hücuma atılan meydan sahibləri yenə müdafiə xəttinin arxasına atılan ötürmədən sonra qapılarında daha bir qol gördülər. Bu dəfə Zubir vurduğu qolla “Qarabağ”ı hesabda irəli çıxardı-1:2

Görüşün qalan dəqiqələrində hər iki tərəfin səylərinə baxmayaraq, başqa qol olmadı və Ağdamın “Qarabağ”ı Almatıda qalib gələrək qrupda xallarının sayını 10-a yüksəltdi və bununla da pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin etdi.

Ağdam təmsilçisi həm də qrupdakı qələbə, xal və qol sayında da rekord əldə edib. Belə ki, indiyədək heç bir Azərbaycan klubu əsas mərhələdə bu qədər matçda rəqibini məğlub etməyib. Bu, Azərbaycan klubları üçün mütləq rekorddur. Hər iki göstəricidə əvvəlki rekord 2016-2017-ci il mövsümünə təsadüf edib. Həmin vaxt Avropa Liqasında 2 qələbə qazanan ağdamlılar qrupu 7 xalla tamamlayıblar.

“Qarabağ” qrupdakı məhsuldarlıq rekordunu da təkrarlayıb. 2019-2020-ci il mövsümündə Avropa Liqasının qrupunda 8 qol vuran Qurban Qurbanovun komandası yenə 8 dəfə rəqib qapılarına yol tapıb. Amma mütləq rekord üçün qarşıda daha iki görüş var.

Təbriklər, “Qarabağ”!

Elçin CƏFƏROV