“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Uelsin TNS komandasına qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:


“İlk növbədə futbolçuları, Azərbaycan futbol ictimaiyyətini və “Sabah” azarkeşlərini UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlməyimiz münasibətilə təbrik etmək istəyirəm. Düşünürəm ki, ən vacib məqam məhz budur. İki oyundan ibarət qarşılaşmaya bütöv şəkildə baxsaq, bu matç mübarizənin ikinci hissəsi idi. İlk oyunda 2:0 hesabı ilə qalib gəlmişdik. Bilirdik ki, rəqib daha açıq futbol oynamalı və daha çox risk etməli olacaq.


Oyunun ilk dəqiqələri meydana və şəraitə uyğunlaşmaqla keçdi. Təxminən 15-20 dəqiqədən sonra oyuna tam daxil olduq. Əvvəlcə bir, daha sonra isə ikinci qolu vurduq. Düşünürəm ki, bundan sonra ikinci hissə bizim üçün daha çox formal xarakter daşıdı. Rəqib də, demək olar ki, matçın bitməsini gözləyirdi. Bəzi futbolçularımız oyun təcrübəsi qazandılar. Əlbəttə, daha bir qol vurmaq istəyirdik. Bunun üçün imkanlarımız da oldu, lakin onlardan istifadə edə bilmədik. Rəqibin də bir neçə yarımfürsəti oldu, onlar da bu imkanları dəyərləndirmədilər. Matçın sonunda buraxdığımız qol isə səhvimizin nəticəsi idi. Qarşılaşmanı qapımızı toxunulmaz saxlamaqla başa vurmaq daha xoş olardı. Bununla belə, iki oyunun yekun nəticəsini, əlbəttə ki, müsbət qiymətləndirirəm.


İndi təhlükəsiz şəkildə Bakıya qayıtmalı və növbəti mərhələyə hazırlaşmağa başlamalıyıq. Çünki oyunlar çox sıx qrafiklə keçirilir. Artıq gələn çərşənbə axşamı ikinci təsnifat mərhələsində yeni rəqibə qarşı meydana çıxacağıq. Növbəti mərhələdə Finlandiyanın KuPS komandası ilə qarşılaşacağıq. Açığı, indiyədək bütün diqqətimi TNS-lə oyunlara yönəltmişdim. Əlbəttə, KuPS-un hansı taktiki düzülüşdən istifadə etdiyinə və necə futbol oynadığına müəyyən qədər baxmışam, lakin rəqibi hələ detallı şəkildə təhlil etməmişik.


Bakıya qayıdan kimi onların oyunlarını analiz etməyə başlayacağıq. Əlimizdə bütün materiallar və lazımi məlumatlar var. Qarşıdakı bir neçə gün ərzində çox çalışmalı və komandanı çərşənbə axşamı keçiriləcək oyuna ən yaxşı şəkildə hazırlamalıyıq”.