Futzal üzrə Çempionlar Liqasının 2024/25 mövsümünün formatı və oyun günü cədvəli açıqlanıb.

Rekord.az xəbər verir ki, “Dördlər final”ına gedən yol ilkin, əsas və elit raunddan keçəcək.

Yenə milli komandaların reytinq cədvəlində “ilk 4-lükdə” qərarlaşan ölkələrin (Portuqaliya, İspaniya, Qazaxıstan və Xorvatiya) hər biri 2, digər federasiyalar 1 klubla (Rusiya ümumiyyətlə yarışda təmsil olunmayacaq) təmsil olunacaq.

Çempionlar Liqasının son qalibi “Palma” (İspaniya) və reytinq cədvəlinin 1-11 və 16-19-cu pillələrində yer alan klublar əsas mərhələnin A, digərləri isə B yolunda mübarizə aparacaqlar.

Oyun günləri və püşkatma tarixləri

İlkin və əsas mərhələnin püşkü: 4 iyul
İlkin mərhələnin oyun günləri: 20-25 avqust
Əsas mərhələnin oyun günləri: 22-27 oktyabr
Elit raundun püşkatması: 31 oktyabr
Elit raundun oyun günləri: 26 noyabr – 1 dekabr
Final mərhələsinin püşkü: Hələ müəyyənləşməyib
Final mərhələsinin oyun günləri: 1 və ya 2 – 3 və ya 4 may

Format

İlkin mərhələdə reytin cədvəlinin aşağı pillələrində yer alan komandalar mübarizə aparacaq. İştirakçılar hər birində 4 klub olmaqla (saydan asılı olaraq 3 də ola bilər) qruplara bölünəcəklər. Püşkatma vaxtı oyunların keçiriləcəyi ölkə də müəyyənləşəcək. Buradan qrup qalibləri və saydan asılı olaraq bir və ya bir neçə ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan kollektiv əsas mərhələyə vəsiqə qazanacaq.

Əsas mərhələ (22-27 oktyabr)

A yolu

Qeyd etdiyimiz kimi, son çempion “Palma”, reytinq cədvəlində 1-11 və 16-19-cu yerlərdə qərarlaşan klublar (cəmi 16) bu yolda mübarizə aparacaq. Hər qrupda 4 komanda olacaq, onlardan 3-ü elit-raunda vəsiqə qazanacaq.

B yolu

Burada isə reytinq cədvəlində 12-15 və 20-ci sıra və sonrakı pillələrdə yer alan bir neçə komanda, eləcə də ilkin mərhələdən əsas mərhələyə yüksələcək kollektivlər yer alacaq. Ümumilikdə 16 komanda olacaq və onlar da hər birində 4 klub olmaqla 4 qrupa bölünəcəklər. Buradan isə ancaq qrup qalibləri elit-raunda yüksələcək.

Elit-raund (26 noyabr – 1 dekabr)

Elit-raundda ümumilikdə 16 komanda iştirak edəcək. Oktyabrın 31-də qruplar müəyyənləşəcək. Yekunda 4 qrup qalibi “Dördlər finalı”nda oynamaq hüququ qazanacaq. Final mərhələsi isə mayda keçiriləcək. Əvvəlcə yarımfinal matçları baş tutacaq. Qaliblər finalda, məğlublar isə bürünc medal uğrunda yarışacaqlar.