“Bütün üstünlüyü rəqibə verdik”
- 22:30
- 32
Bu gün keçirilən Qazaxıstanla yoxlama oyunundan sonra futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Yevgeni Kukseviç fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:9 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“Bu cür atmosferdə oynamaq çox çətindir. Azarkeşlər zalı doldurmuşdular, oyun zamanı dayanmadan öz dəstəklərini göstərdilər. Komandamız üçün hər bir oyun təcrübə qazanmaq baxımından vacibdir.
Qazaxıstan millisinin heyətində dəyişiklik olsa da, onlar “dördlüyü” və sistemi saxlayıblar. Yeni gələn futzalçılar isə onlara dəstək ola bilir. Çünki güclü, rəqabətli çempionatları var. Biz isə hələ sxemi və sistemi qurmamışıq.
Bugünkü oyunda demək olar, bütün üstünlüyü rəqibə verdik. Gürcüstanla oyunlarda topu özümüzdə saxlayırdıq, hücumlar qururduq. Bu gün meydanda nəzarət tamamilə rəqibdə idi.
Qısa vaxtda ardıcıl qollar buraxırıq. Çünki oyunu üzərinə götürəcək lider futzalçımız yoxdur. Hər dəfə tapşırılır ki, əsəblərinizə hakim olun, soyuqqanlılığınızı qoruyun. Bu da psixoloji durumla bağlıdır. Bununla bağlı nə qədər söhbət aparsaq da, oyun zamanı dediyimizin əksini görürük.
Bu görüşləri danışan zamanı çətin olacağını bilirdik. Qısa vaxtda 4 oyun keçirmək ağırdır, lakin milli üçün faydalıdır”.