
Buskets: "Avropa Liqasında oynamaq məcburiyyətindəyik"
- 09 Dek 2021 20:30
- 454
"Münhendə istədiyimiz nəticəni əldə edə bilmədiyimiz üçün meydanı məyus hisslərlə tərk etdik. Azarkeşlərimiz belə hesaba layiq deyil. Bu, açıq-aydın görünür. Çempionlar Liqasında mübarizəyə davam etmək istəyirdik, amma reallıq belə oldu”.
Rekord.az xəbər verir ki, bu sözləri “Barselona”nın futbolçusu Serxio Buskets ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Bavariya”ya uduzduqları görüş barədə “El Mundo Deportivo”ya açıqlamasında deyib. 33 yaşlı yarımmüdafiəçi turnirlə vidalaşaraq Avropa Liqasına düşdükləri üçün məyus olduğunu bildirib:
“Biz indi Avropa Liqasında oynamaq məcburiyyətindəyik. Çətin vəziyyətdəyik. Bu mövqedə olmağımızın bir çox səbəbi var. Klubun indi hansı durumda olduğunu hər kəs çox gözəl anlayır. İşlərimiz pis getməyə davam edir. Klubumuz Çempionlar Liqasından mübarizəni dayandırmağa layiqdirmi sualına cavab verə bilmərəm. Amma yenə də əminəm ki, bu geri addım gələcəkdə bir neçə addım irəli atmaq üçün təkan olacaq. “Barselona”nın öz yüksək səviyyəsinə qayıdacağına şübhəm yoxdur. Bizim də hamı kimi tarixdə çətin dövrlərimiz ola bilər, lakin onların tez başa çatması üçün əlimizdən gələni etməyə çalışacağıq. Bir çox komandalar bundan yaşadı və geridə qoydu. Biz də bacaracağıq. “Barselona”nın yüksək səviyyəli klub olduğunu hamı bilir. Son bir neçə ayda biz rəhbərlik dəyişikliyindən keçdik. İqtisadi problemlərimiz var. Lakin belə pis vəziyyətdən hələ də çıxış yolu olmalıdır. Açığı, indi bizim Avropa Liqasını qazanmaq şansımız yüksəkdir. Bu, yaxın gələcəkdə bizim məqsədimiz olacaq. Futbolda hadisələr baş verdikcə mövsüm üçün hədəflər dəyişə bilir. Bu, məncə, çox normal haldır. İndi biz bu turnirdə öz imkanlarımızı düzgün dəyərləndirməli, sonra qalib gəlməyə çalışmalıyıq”.
Qeyd edək ki, Kataloniya klubu yoluna Avropa Liqasının pley-off mərhələsində davam edəcək.