"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 5-ci turunda səfərdə "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 1:2 hesabı ilə məğlub olduqları oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Məğlub olmağımıza baxmayaraq, yaxşı oyun oldu. Dinamik, mübarizəli matç izlədik. "Səbail"i təbrik edirəm. Deyəcək çox söz yoxdur. Yüz faizli epizodlarımız var idi, istifadə edə bilmədik. Rəqib imkanlardan maksimum istifadə etdi. Futbolun gözəlliyi budur. Nəticədən yox, oyundan razı qaldım.

Əfsuslar olsun ki, komanda olaraq bir yerdə istirahət edə bilməyəcəyik. Milli komandalara gedən oyunçular var. Digər futbolçularla üç günlük istirahətdən sonra məşqlərə başlayacağıq. Leandro Andrade milliyə gedəcək. Marko Yankoviçi ümumiyyətlə meydana buraxmadım. Onların ayın 8-də oyunu var. Çempionata istədiyimiz kimi hazırlaşa bilməmişik. Amma bu, ilk dəfə deyil, neçə illərdir bu rotasiyaları edirik. Ola bilər bu il tam alınmadı. Düzgün qərarlar verməyə çalışacağıq.

Kvabena Ovusunun "Qarabağ"a qayıdacağını mən də mətbuatdan oxumuşam. Belə bir danışıq olmayıb.

Qarşıdakı oyunlarda daha da aktiv olmalıyıq. Gələn ili də hələ bilmək olmaz. Bəlkə qrupda oyunlarımız uğurlu oldu. Gələn il üçün də bizim sıx qrafikimiz ola bilər. Hər bir halda buna öyrənməliyik. Neçə illərdir bu yolu keçmişik. Sadəcə, bu il xal itkiləri daha çox oldu. Daima liderlər sırasında olmaq istəyiriksə, hansısa addımlar atmalıyıq. Bu xal itkiləri sonda nəticəyə təsir edə bilər. Turnir cədvəlinə baxsaq, yığdığımız xallardan razı deyilik. Görünür ki, bu il çempionat tam fərqli olacaq. Böyük çempionatlarda bəzən düşünülməmiş nəticələr olur. Ola bilər ki, bu il ona getsin”.