"Bayer" Avropanın ən güclü komandalarından biridir. Daha çox güc sərf etməliyik.

Rekord.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov Bakıda Almaniyanın "Bayer" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Müdafiəçi sabahkı matçda baxımlı futbol üçün əllərindən gələni edəcəklərini bildirib.

Təcrübəli oyunçu Portuqaliya təmsilçisi "Braqa" ilə əvvəlki raunddakı qarşılaşmanı xatırlayıb: "Sonuncu qoldakı ötürmə bir anda verilən qərar idi. Nəriman Axundzadənin boş olduğunu gördüm. Şükürlər olsun ki, hakim matçı dayandırmadı. Bu, komandamızın qələbəsidir".

Hüseynov kollektivdə ab-havanın yaxşı olduğunu vurğulayıb: "Klub üçün çəkilən film mənim xoşuma gəldi. Hər kəs "Qarabağ"ın mahiyyətini görməlidir. Bu, oyunçulara yaxşı motivasiya verdi".

Bədavi Hüseynov Julio Romao və Elvin Cəfərquliyevin cəzalı olmasına da toxunub: "Komandamızın futbolçularının keyfiyyəti yüksəkdir. Onları yaxşı əvəz edəcəklər və bacarıqlarını göstərməyə çalışacaqlar".

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq. (report.az)