“Vilyarreal” seneqallı hücumçusu Bulaye Dianı İtaliyanın “Salernitana” klubuna satıb.

Rekord.az xəbər verir ki, İtaliya klubu ötən yay icarəyə götürdüyü 26 yaşlı forvardın transfer hüquqlarını da alıb.

Bunun üçün “Vilyarreal”a 12 milyon avro ödənilib. Seneqal yığmasının üzvü “Salernitana” ilə 3 illik müqavilə bağlayıb.

Əvəzində “Vilyarreal” heyətinə 3 yeni futbolçu cəlb edib. Bunlardan biri "Barselona"nın yarımmüdafiəçisi İlyas Axomaşdır. 19 yaşlı futbolçu Kataloniya təmsilçisindən ayrılıb və azad agent kimi "Vilyarreal"a keçib. Onunla 4 illik müqavilə imzalanıb. Axomaş İspaniyanın U-19 millisinin də üzvüdür.

“Vilyarreal” “Rayo Valyekano”nun yarımmüdafiəçisi Santi Komesananı da heyətinə qatıb. 26 yaşlı ispanla 3 illik müqavilə imzalanıb.

“Vilyarreal” bu ilin yanvarında “Jirona”dan icarəyə götürdüyü gənc yarımmüdafiəçi Ramon Terratsın da transfer hüquqlarını alıb. Klub bunun üçün 2,5 milyon avrosundan keçib.