Hazırda Premyer Liqada çıxış edən bütün klublarımız Antalyada təlim-məşq toplanışındadır. Qışdan sonrakı dövrə ciddi hazırlaşırlar. Hərəsinin özünə görə, iddiası, planları var. Həmçinin, klubların azarkeşləri də qışdan sonrakı dönəmə nikbin baxır. Təbii ki, istər klublar, istərsə də onların azarkeşləri ilk növbədə sağlam, şəffa mübarizə gözləyir. Bunun üçün isə sağlam və şəffaf hakimlik lazımdır. Bəs bu hakimlik olacaqmı? Açığı adamın beynində sual işarəsi yaranır. Ona görə yox ki, hakimlərimizin qərəzli idarəçiliyini düşünürük. Xeyr. Amma istəmədən belə, ciddi səhvlər qaçılmaz görünür. Niyə? Çünki hakimlər klublardan fərqli olaraq, 3-cü dövrəyə hazır görünmür. Görünmürlər ona görə ki, hazırlıq keçməyiblər. BOS-a yığışıb kross qaçmaqla hazırlıq olmur. Ramin Musayevin PFL prezidenti olduğu dönəmdə hakimlər bu qurumun kurasiyasında idi və Musayev də ildə iki dəfə hakimlərin ölkə xaricində toplanışını təşkil edirdi. Bu toplanışların sayəsində səhvlər olsa belə, bununla paralel neçə-neçə hakim yetişdi. Təəssüf ki, hazırda nə həmin toplanışlar var, nə də yüksək səviyyədə hakim yetişir. Hakimləriə kuratorluğu ələ keçirən Elxan Məmmədov bu sahəyə də zərbə vurdu.  İndi hakimlər Antalyanı yəqin yuxularında görürlər. Əvəzində Ştuxlik kimi bivecin birini gətirib futbolumuza pərçim elədilər və olan-qalan hakimlərimiz də itdi-batdı. Ştuxlikdən sonra Barış Şimşək gələndə ümid edlədik  bəlkə türk abimizin bizim futbola, hakimliyə canı yana, nələrisə dəyişə. Amma ya bacarmadı, ya da istəmir, bunu deyə bilmərəm, fakt odur ki, dəyişən heç nə yoxdur. O vaxt Ştuxlik qış və yay tətillərini gedib vətənində dincələrdi, indi də Barış Şişmək. Adam fasilə yaranan gündən Azərbaycandan gedib. Hakimləri də buraxıb göydə Allahın yerdə də Namiq Quliyevin ümidinə. Bildiyim qədəri ilə, Şimşək Türkiyədə toplanış üçün AFFA rəhbərliyinə müraciət etmişdi. Görünür müraciəti yerə salınıb, o da görüb ki, bu ölkədə futbol hakimliyi heç federasiyanın özünə lazım deyil. bu da deyib elədirsə, mənə nə düşüb. Amma düzgün yanaşma deyil. Adam hər ay yüksək məbləğdə maaş alır. Ən azı aldığı pulun haqqını verməlidir. AFFA laqeydlik edib hakimlırin ölkə xaricində toplanışını təşkil etməyə bilər. Ən azından Barış bəy ədalət təmsilmilərini Bakıda bir araya toplayıb, hazırlıq keçərdi, gözü, nəzəri şəxsən onların üzərində olardı. Amma yox, abimiz də bizim AFFA rəhbərliyi kimi, hakimliyin başını buraxıb. Başını buraxıb və üz tutub vətəni Türkiyəyə dincəlməyə. Yəqin ki, növbəti turun startına 1-2 gün qalmış Bakıya gələr. Bir sözlə, o da digər əcnəbilər kimi, vaxtını keçirib pulunu alır. Olan da futbolumuza olur.

 

Anar XANLAROV